Ötən il ərzində meşələrin artırılması və mühafizəsi sahəsində görülən işlərin nəticələri açıqlanmışdır
Bakı, 30 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2012-ci ildə meşələrin artırılması, bərpası və mühafizəsi sahəsində görülən işlərin nəticələrini açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ötən il ərzində 10 min 528 hektar sahədə meşəbərpa tədbirləri, o cümlədən 3 min 78 hektar ərazidə meşə əkini və səpini işləri yerinə yetirilmişdir. Meşə əkinlərinin becərilməsi məqsədi ilə 35 min 692,1 hektar sahədə xidmət, 35 min 969 hektar ərazidə suvarma işləri aparılmışdır. Müxtəlif ağac və kol cinslərindən 179 min 854 kiloqram toxum tədarük edilmişdir.
Bundan əlavə, 82,62 hektar sahədə toxum səpilmiş, 74,9 hektar sahədə 2936 min ədəd toxmacar, 16,3 hektar sahədə isə 757 min ədəd çilik basdırılmışdır.
Eyni zamanda, respublikanın meşə mühafizə işçiləri tərəfindən 22 min 323 kubmetr həcmində qanunsuz qırıntılar aktlaşdırılmış və qanunamüvafiq tədbirlər görülmüşdür. Hesablanmış 147 min 632 manat ziyanın 108 min 216 manatının ödənilməsi təmin olunmuşdur. Təqsirkarlar barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün 215 iş hüquq-mühafizə orqanlarına göndərilmişdir.
Azərbaycan Respublikası “Yanğın təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun olaraq bir sıra qabaqlayıcı zəruri tədbirlərin həyata keçirilməsi nəticəsində ciddi meşə yanğınları baş verməmişdir.
Ötən il ərzində ümumilikdə 9,97 hektar sahədə meşə yanğını hadisəsi baş versə də, meşə fonduna əsaslı ziyan dəyməmişdir.