Ötən il Naxçıvan idmançıları 225 medal qazanıb
Naxçıvan, 6 mart, AZƏRTAC
Ötən il Naxçıvan idmançıları ölkə və beynəlxalq arenalarda keçirilən yarışlarda, irimiqyaslı və nüfuzlu çempionatlarda 67-si qızıl, 67-si gümüş, 91-i bürünc olmaqla, ümumilikdə, 225 medal qazanıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov Naxçıvan Şahmat Mərkəzində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə muxtar respublikanın idman ictimaiyyəti ilə keçirilən görüşdə deyib.
İdmançıların 2024-cü ilə nailiyyətlərlə start verdiyini və bu uğur tempinin daha da yüksələcəyinə əminliyini ifadə edən nazir müavini vurğulayıb ki, gənclərin asudə vaxtının səmərəli təşkili, əhalinin sağlam həyat tərzinə cəlbi, idman infrastruktrunun gücləndirilməsi və idmanın inkişafına hesablanmış bir sıra məsələlər gələcək planlar sırasındadır.