Ötən il Nizami rayonunda 4166 yeni iş yeri açılıb
Bakı, 6 fevral, AZƏRTAC
Fevralın 6-da Nizami Rayon İcra Hakimiyyətində 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncaqda Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Flora Qasımova, Rasim Musabəyov, İqbal Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Bayramov, rayonun idarə və müəssisə, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının rəhbərləri iştirak ediblər.
Yığıncaqda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 2017-ci ildə rayonda görülmüş işlər barədə məruzə ilə çıxış edib.
A.Qasımov yanvar ayının 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasının keçirildiyini bildirib. Qeyd edib ki, dövlətimizin başçısı iclasda 2017-ci ildə qeyri-neft sektorunun 2,5 faiz, o cümlədən sənaye sahəsinin 3,6 faiz, kənd təsərrüfatının isə 4,1 faiz artdığını, valyuta ehtiyatlarının 4,5 milyard dollar artaraq 42 milyard dollar təşkil etdiyini, Azərbaycan iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulduğunu, ixracın 19 faiz, qeyri-neft ixracının isə 24 faiz artdığını, 177 mini daimi iş yeri olmaqla 221 min yeni iş yerinin açıldığını, işsizliyin 5 faiz, yoxsulluğun isə 5,4 faiz səviyyəsində olduğunu, iqtisadi və sosial infrastruktur layihələrinin uğurla icra edildiyini, energetika və nəqliyyat sahəsində tarixi hadisələrin baş verdiyini, idman sahəsində böyük uğurların qazanıldığını, İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdiyini, il ərzində həm ölkəmizdə, həm də xaricdə bununla əlaqədar bir çox tədbirlərin keçiriləcəyini vurğuladığını deyib.
Ölkə iqtisadiyyatının dinamik inkişaf tempinin saxlanılmasında Nizami rayonunun da öz yeri və payı olduğunu söyləyən A.Qasımov 2017-ci ildə rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 463,8 milyon manat dəyərində, yəni, ötən ilin müvafiq dövrünə nisbətən 10,4 faiz çox sənaye məhsulu istehsal edildiyini, iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 109,4 milyon manat həcmində, ötən ilin müvafiq dövrünə nisbətən 6,0 faiz çox investisiya yönəldildiyini, pərakəndə ticarət dövriyyəsinin həcminin 2258,2 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcminin isə 221,0 milyon manat təşkil etdiyini, rabitə sahəsində 370,7 milyon manat dəyərində, ötən ilin müvafiq dövrünə nisbətən 15,1 faiz çox, nəqliyyat sahəsində isə 126,0 milyon manat dəyərində xidmətlər göstərildiyini vurğulayıb.
A.Qasımov ötən il rayonda 4166 yeni iş yerinin açıldığını, ünvanlı sosial yardım alan ailələrin sayının 525 nəfər təşkil etdiyini, özünəməşğulluq proqramına əsasən işaxtaran və işsiz vətəndaşlardan fərdi biznes fəaliyyətinə 23 nəfərin cəlb olunduğunu və hazırda fəaliyyətdə olduqlarını bildirib.
İcra başçısı, həmçinin təhsil sahəsində qazanılan nailiyyətlər, xidmət və təsərrüfat sahələrində görülən işlər barədə məruzə edib.
Sonra Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin istismar şöbəsinin rəisi İmran Məmmədov, Rayon Sukanal İdarəsinin rəisi İntiqam Kərimov 2017-ci ildə görülən işlərlə bağlı ətraflı məlumat veriblər.
Məruzələr ətrafında Milli Məclisin deputatları - Sədaqət Vəliyeva, Flora Qasımova, Rasim Musabəyov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Bayramov çıxış edərək, əldə olunmuş uğurlardan, mövcud problemlərdən və onların aradan qaldırılması yollarından danışıblar və 2017-ci ildə Nizami rayonunda görülən işləri qənaətbəxş hesab ediblər.
Sonra yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.
İclasa yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Azərbaycan Respublikası Prezidentinin “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” 2018-ci il 5 fevral tarixli Sərəncamına əsasən 2018-ci il aprelin 11-də Prezident seçkilərinin keçiriləcəyini diqqətə çatdırıb və Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrindən irəli gələn məsələlərin həlli istiqamətində zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlarını verib.