ÖTƏN İL XIZI RAYONU ÜÇÜN UĞURLU OLMUŞDUR
“Xəzərdənizneftdonanma” idarəsinin rəisi Mübariz Mədətov və Prezidentin İcra Aparatının məsul işçisi Elşən Abbasov iştirak edirdilər.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iclasdan əvvəl rayonun rəhbərliyi və qonaqlar ümummilli liderimiz Heydər Əliyevin icra hakimiyyətinin vestibülündə qoyulmuş büstünün önünə tər çiçəklər düzmüşlər.
Rayon icra hakimiyyətinin başçısı Tahir Quliyev 2005-ci ilin yekunları barədə hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzədə rayonun iqtisadi, ictimai, sosial və mədəni həyatında qazanılan uğurlardan, mövcud problemlərdən danışılmışdır. Bildirilmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi Xızı rayonunda da müsbət nəticələrini verir. Əhalinin məşğulluğunun təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər sayəsində ötən il mövcud obyektlərin genişləndirilməsi və yenidən qurulması, yeni istehsal sahələrinin açılması hesabına 429 nəfər işlə təmin olunmuşdur.
Keçən il tikintiyə və yolların abadlaşdırılmasına diqqət artırılmışdır. Bakı-Quba magistral yolunun 1900 metrlik Yeni Yaşma hissəsi, habelə Tıxlı, Xələc, Altıağac, Sitalçay, Şuraabad kəndlərinin yolları əsaslı təmir olunaraq asfaltla örtülmüşdür. Xızı qəsəbəsində Heydər Əliyev parkının abadlaşdırılması üçün genişmiqyaslı işlər görülmüş, burada fəvvarə tikilmişdir.
Sonra məruzəçi hesabat ilində büdcənin, sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən işlər, habelə əhalinin elektrik enerjisi, qaz, içməli su ilə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması və başqa məsələlərdən danışmış, mövcud problemlərin həlli yollarına toxunmuşdur.
Qeyd edilmişdir ki, hesabat ilində aqrar bölmənin, səhiyyə və təhsilin gələcək inkişafı üçün potensial imkanlardan kifayət qədər istifadə olunmamışdır.
Bütövlükdə iclas tənqidi ruhda keçmişdir. Bəzi təşkilatların rəhbərlərinin hesabatları dinlənilmiş, nöqsanların aradan qaldırılmasına dair konkret tapşırıqlar verilmişdir.
İclas iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul etmişlər.