Özbəkistan mətbuatı Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına geniş diqqət ayırıb
Daşkənd, 26 sentyabr, AZƏRTAC
Özbəkistanın podrobno.uz xəbər portalı 2017-ci ilin may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı geniş məqalə dərc edib.
Məqalədə qeyd olunur ki, Oyunların keçirilməsi ilə əlaqədar müvafiq Saziş Azərbaycan və İslam Həmrəyliyi İdman Federasiyası arasında imzalanıb. Vurğulanır ki, Oyunların keçiriləcəyi məkanın müəyyən edilməsi ilə bağlı səsvermə 2013-cü il iyulun 23-24-də Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında keçirilib.
Yarışlarda Azərbaycanın idman şərəfini 100-dən artıq idmançının qoruyacağının vurğulandığı məqalədə, həmçinin bildirilir ki, sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin birinci iclası keçirilib.
Məqalədə Prezident İlham Əliyevin iclasdakı çıxışından sitat da verilib: “Bir neçə gün bundan əvvəl mənim Sərəncamımla Oyunların Təşkilat Komitəsi yaradılmışdır… Əminəm ki, bundan sonrakı dövrdə Təşkilat Komitəsi bütün vəzifələri uğurla icra edəcək və bu Oyunlar ən yüksək səviyyədə keçiriləcəkdir. Təşkilat Komitəsinə rəhbərlik Mehriban Əliyevaya həvalə olunub. Həm “Eurovision” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə, eyni zamanda, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə Mehriban Əliyeva rəhbərlik etmişdir”.
Yazıda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iclasdakı çıxışına da istinad edilir. Bildirilir ki, Mehriban Əliyeva çıxışında qeyd edib ki, Təşkilat Komitəsi IV İslam Həmrəylik Oyunlarının ən yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün əlindən gələni əsirgəməyəcək. Mehriban Əliyeva dövlətimizin başçısına müraciətlə deyib: “Biz çalışacağıq ki, Sizin və Azərbaycan xalqının yüksək etimadını doğruldaq və Oyunlar ən yüksək səviyyədə keçirilsin”.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd