SİYASƏT
Özbəkistan portalı Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən yazır
Daşkənd, 23 iyun, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Kun.uz xəbər portalında iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüşü haqqında məqalə yayılıb.
Məqalənin müəllifi Şərafəddin Tulaqanov bu görüşün dünya mətbuatı tərəfindən diqqətlə izlənildiyini diqqətə çatdırır. Qeyd edir ki, Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşündə münaqişənin mümkün qədər tez həll olunmasının vacibliyini qeyd edib: “Mən bu görüşü keçirmək təşəbbüsünə və məsələnin həllində Rusiyanın oynadığı konstruktiv rola görə Sizə təşəkkür edirəm. Münaqişə uzanıb. Rusiyanın və ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin bəyan etdiyi kimi, status-kvo qəbuledilməzdir. Biz bu bəyanatı tamamilə dəstəkləyirik. Lakin status-kvonun dəyişməsi üçün 20 ildən artıq müddətdə Azərbaycanın işğal altında olan ərazisinin işğaldan azad edilməsinə başlanmalıdır”.
Məqalədə 1988-ci ildə başlanan münaqişənin tarixinə nəzər salınır. Qeyd edilir ki, münaqişə başlayanda Dağlıq Qarabağda cəmi 80 min etnik erməni yaşayıb. Ermənilər nəinki Dağlıq Qarabağı, onun ətrafındakı 7 rayonu da işğal edib, bu ərazilərdə etnik təmizləmə aparıb, bir milyona yaxın azərbaycanlını öz yurd-yuvalarından didərgin salıblar. Beynəlxalq hüququn norma və prinsiplərinə qarşı çıxan ermənilər Azərbaycanın işğal olunmuş torpaqlarında tədbirlər keçirərək dünyanı çaşdırmağa çalışırlar. İşğal olunmuş Azərbaycan torpaqlarına səfər edən şəxslərin adlarının rəsmi Bakının “qara siyahısı”na daxil edildiyini yazan müəllif vurğulayır ki, bu cür tədbirlərlə Ermənistan regionda təxribata əl atır, aparılan danışıqlar prosesinə zərbə vurur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd