Özbəkistanda baxşi sənəti festivalında Azərbaycan da təmsil olunacaq
Daşkənd, 27 mart, AZƏRTAC
Özbəkistan Mədəniyyət Nazirliyi aprelin 5-dən 10-dək Qaşqadərya vilayətinin mərkəzi Termez şəhərində baxşi (aşıq) sənətinə həsr edilmiş festival keçirəcək.
AZƏRTAC xəbər verir ki, festivalda dünyanın 80-dən artıq ölkəsindən gələn 300-dən artıq baxşi, aşıq, akın, ozan, həmçinin folklorçu alimlər, müxtəlif xalqların folklor ansamblları iştirak edəcək.
Özbəkistanda ilk dəfə keçirilən belə festivalda ölkəmizi şair Əkbər Qoşalı, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşı Əli Şamilov və Aşıq Samirə Əliyeva təmsil edəcək.
Beş gün ərzində müxtəlif xalqların nümayəndələri xalq musiqilərini təqdim edəcəklər. Təşkilatçıların verdiyi məlumata görə, festivala Tacikistandan qatılacaq baxşi ustası Xatam aka Xakimovun 90, Malayziyadan gələcək iştirakçı Kamarul Baixaki Bin Kamarul Baisaxunun isə 9 yaşı olacaq.
Festival çərçivəsində “Dünya sivilizasiyasında baxşi sənətinin rolu” adlı beynəlxalq elmi-praktik konfrans da keçiriləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd