COP29
Özbəkistanlı iştirakçı: Aral dənizinin qurumasını bütün dünya nümunə kimi görməlidir
Bakı, 13 noyabr, AZƏRTAC
“Alimlər, qanunverici strukturların nümayəndələri Azərbaycanda bir araya gələrək iqlim dəyişikliyi məsələlərini müzakirə edirlər. Bu, olduqca qürurverici bir hadisədir”.
Bunu AZƏRTAC-a müsahibəsində Almaniya Geologiya Mərkəzinin Özbəkistan ofisinin nümayəndəsi Abror Gafurov deyib.
O, Azərbaycan hökumətinə COP29-a ev sahibliyi etdiyinə görə minnətdarlığını bildirib: “Hazırda Özbəkistanda bir çox ekoloji problemlər yaranmağa başlayıb. Bunlardan biri və ən vacibi Aral dənizinin suyunun azalmasıdır. Bu, bizim üçün ekoloji faciəyə çevrilib. Aral dənizində baş verən hadisəni bütün dünya nümunə kimi görməlidir. Bizim hər birimiz yaşadığımız təbiətə hörmətlə yanaşmalıyıq”.