Özünüməşğulluq proqramı çərçivəsində növbəti aktivlər təqdim olunub
Naxçıvan, 10 mart, AZƏRTAC
“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası sosial qayğıya ehtiyacı olan ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş, habelə əlilliyi olan şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrinin reallaşdırılmasına əlverişli zəmin yaradıb.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mart ayı ərzində muxtar respublika üzrə sosial qayğıya ehtiyacı olan 28 ailə müəyyənləşdirilib və 14 nəfərin hər birinə 2 baş iribuynuzlu, 8 nəfərin hər birinə 20 baş xırdabuynuzlu mal-qara, 2 nəfərə dərzi, 1 nəfərə qaynaqçı avadanlıqları və ləvazimatları, 3 nəfərə isə mini yerşumlayan aqreqatlar verilib. Özünüməşğulluğu təmin edilmiş şəxslərdən 3 nəfəri cəzaçəkmə müəssisəsindən azad olunanlar, 2 nəfəri isə gənclərdir. Eyni zamanda, təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə 2 nəfər həvəsləndirmə tədbirlərinə cəlb olunub.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi müvafiq Dövlət proqramlarının icrası çərçivəsində özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib. Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edənlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin direktoru Vüsal Süleymanlı və Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Elmar Eyvazov ötən dövrdə proqramın icrası istiqamətində görülən işlərdən danışıb, əldə olunan nəticələrdən bəhs ediblər.
Daha sonra aktiv verilmiş ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub.
Tədbirdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilmiş aktivlərdən səmərəli istifadə etməyə çalışacaqlarını vurğulayıblar.