Pakistan Ali Audit Orqanı ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi müzakirə olunub
Bakı, 1 mart, AZƏRTAC
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasında işgüzar səfərdədir.
Palatadan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti ilə Pakistan Baş Auditor Ofisinin baş auditoru Məhəmməd Acmal Qondal və əməkdaşları arasında görüş keçirilib.
Görüş zamanı Pakistan Ali Audit Orqanının (AAO) əməkdaşları tərəfindən qurumun ümumi fəaliyyəti, insan resursları, işə götürmə mexanizmləri, hazırda həyata keçirilən audit mövzuları barədə, həmçinin səmərəlilik auditi təcrübəsi barədə məlumat verilib.
Sonra görüş iştirakçılarına Pakistan AAO-da tətbiq edilən auditin idarəedilməsi sistemi barədə geniş təqdimat edilib, həmçinin İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutu (CIPFA) ilə əməkdaşlıqdan bəhs edilib və mövzular ətrafında müzakirələr aparılıb. Daha sonra Hesablama Palatasının nümayəndə heyəti tərəfindən qurumun fəaliyyəti, xüsusilə maliyyə və səmərəlilik auditi barədə ətraflı məlumat təqdim edilib. Görüşün sonunda Hesablama Palatasının 2023-cü il maliyyə hesabatlarının auditinə dair Pakistan AAO-nun rəyi Vüqar Gülməmmədova təqdim edilib.
Eyni zamanda, qurumlar arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və inkişafı üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparılıb. Müzakirələr əsasında informasiya texnologiyalarının auditi, birgə və paralel auditlərin keçirilməsi, insan resurslarının potensialının artırılması istiqamətində dəstəyin göstərilməsi əsas əməkdaşlıq istiqamətləri kimi müəyyən edilib.
Xatırladaq ki, 2023-cü ildə Hesablama Palatası və Pakistan Baş Auditor Ofisi arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həmçinin potensialın gücləndirilməsi istiqamətində fəaliyyətin daha məhsuldar təşkili məqsədilə Anlaşma Memorandumu yenilənərək imzalanıb.