Pakistan Azərbaycanın ədalət mübarizəsində hər zaman yanında olub ŞƏRH
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan-Pakistan əlaqələri uzun tarixi keçmişə sahib olmaqla yanaşı, güclü əsaslara söykənən çoxtərəfli tərəfdaşlıq imkanlarını da özündə ehtiva edir. Bizi birləşdirən ortaq dəyərlər və strateji hədəflər ikitərəfli münasibətlərdə qarşılıqlı etimadı formalaşdıran əsas amillər sırasındadır. Müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biri olaraq Pakistan İslam Respublikası Azərbaycanın ədalət mübarizəsində hər zaman yanında olub, işğalçı Ermənistan ilə diplomatik əlaqələrdən imtina etməklə qətiyyətli və aydın mövqe nümayiş etdirib. İstər İkinci Qarabağ müharibəsi dövründə, istərsə də savaşdan sonrakı beş il ərzində bütün platformalarda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsipini rəhbər tutaraq adekvat yanaşma nümayiş etdirən Pakistan birmənalı şəkildə işğala və işğalçıya qarşı barışmaz mövqe tələb edən tərəflərdən biri olub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Aytən Qurbanova söyləyib.
O bildirib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlərlə paralel olaraq İslam Əməkdaşlıq Təşkilatı, BMT, Qoşulmama Hərəkatı və D-8 platforması çərçivəsində çoxtərəfli əməkdaşlıq imkanları hər zaman yüksək səviyyədə dəyərləndirilib. İslam dünyasında nüvə potensialına sahib yeganə güc olan Pakistanın belə qətiyyətli mövqe nümayiş etdirməsi və hər zaman qeyd-şərtsiz dövlətimizin yanında olması heç şübhəsiz ki, Azərbaycana dost olan ölkələri sevindirdiyi kimi, düşmən mövqedən çıxış edən qüvvələr üçün də kifayət qədər önəmli çəkindirici amil olaraq dəyərləndirilə bilər.
“Hərbi-siyasi əlaqələrimizin inkişaf xronikası onu deməyə əsas verir ki, Azərbaycan-Pakistan strateji tərəfdaşlığı yeni imkanları özündə ehtiva edən yol xəritəsinə sahib olmaqla gələcəyə istiqamətlənən addımlarla möhkəmlədirilir. Qarşılıqlı səfərlər çərçivəsində aparılan müzakirələr və əldə olunmuş razılıqlar əsasında siyasi əlaqələr nümunəsində iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin prioritet istiqamət olaraq qəbul edilməsi də buna bariz nümunədir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri kifayət qədər önəmli xarakter daşıyır. Xüsusilə də səfər çərçivəsində Prezident İlham Əliyev ilə keçirilmiş görüşlər zamanı iqtisadi əlaqələrin siyasi əlaqələrlə eyni inkişaf səviyyəsinə yüksəldilməsi ilə bağlı qərarların qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Enerji, nəqliyyat və müdafiə sənayesi, eləcə də əczaçılıq sahəsində əməkdaşlıq imkanlarının dəyərləndirilməsi strateji xarakterli önəmli addımlardır. Nəticə etibarilə işgüzar əlaqələrin inkişaf etdirilməsi hər iki dövlət üçün önəmli xarakter daşımaqla yanaşı, birliyimizi və tərəfdaşlığımızı daha da möhkəmləndirməyi hədəfləyir”, - deyə A.Qurbanova vurğulayıb.
Politoloq onu da qeyd edib ki, ikitərəfli münasibətlər, sadəcə, iki dövlət arasındakı əlaqələr və tərəfdaşlıq kontekstində dəyərləndirilməməlidir. Xalqlarımız arasındakı birlik uzun keçmişə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin və qarşılıqlı etimadın təzahürüdür. Bu da öz növbəsində dövlətlər arasında möhkəm və etibarlı tərəfdaşlığın əsasını formalaşdırır.