PAKİSTAN ƏFQANISTANIN İDDİALARINI RƏDD EDİR
Həmid Kərzainin bu yaxınlarda verdiyi müsahibə Pakistan Prezidentini hiddətləndirmişdir. Müsahibədə Kərzai bildirmişdir ki, Əfqanıstanın radikal “Taliban” hərəkatının lideri molla Ömər və silahdaşları Pakistan ərazisində gizlənirlər və Pakistanın xüsusi orqanları onları tuta bilmir. Kərzai demişdir ki, “Taliban”ın və “Əl-Qaidə”nin, eləcə də molla Ömərin onlarca yaraqlısının siyahılarını, onların Pakistan ərazisində gizləndikləri yerlər barədə məlumatı, hətta telefon nömrələrini İslamabada vermişlər, lakin Pakistan tərəfi, onun fikrincə, heç bir tədbir görmür.
Pərviz müşərrəf demişdir: “Biz bu siyahıları yoxladıq, məlumatın üçdə iki hissəsi artıq çoxdan köhnəlib. Molla Ömərin olduğu yer barədə informasiya isə boş bir şeydir. Orada heç kim yoxdur. Bizə verilmiş telefon nömrələri çoxdan mövcud deyil, bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi də bilir, biz onunla daim informasiya mübadiləsi aparırıq”.
Vaşinqtonun regionda terrorizmlə müharibəsində ABŞ-ın iki əsas müttəfiqi olan Əfqanıstan ilə Pakistanın arası bir neçə ay əvvəl dəymişdir. Rəsmi Kabil bir sıra bəyanatlar verərək bildirmişdir ki, “Taliban” yaraqlıları Pakistan ərazisində yuva quraraq, və oradan Əfqanıstana daim basqınlar edirlər, lakin Pakistanın təhlükəsizlik qüvvələri onların tutulması və ya məhv edilməsi üçün kifayət qədər səy göstərmirlər. Pakistan bu ittihamları, bir qayda olaraq, rədd edir.