Pakistan şirkətləri ölkəmizdə bərpaolunan enerji hərraclarında iştirak etməyə dəvət olunublar
Bakı, 31 iyul, AZƏRTAC
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev Pakistanda səfərdədir.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Pakistanın Energetika Nazirliyinin Alternativ Enerjinin İnkişafı Şurasının baş icraçı direktoru, Özəl Enerji və İnfrastruktur Şurasının icraçı direktoru Şah Cahan Mirzə ilə görüş keçirilib. Görüşdə Azərbaycanın bərpaolunan enerji potensialı, bu potensialın reallaşdırılması üzrə həyata keçirilən tədbirlər və ixrac imkanları diqqətə çatdırılıb. Pakistan şirkətləri gələcəkdə həyata keçiriləcək bərpaolunan enerji hərraclarında iştiraka dəvət edilib. Şah Cahan Mirzə Pakistanın energetika sahəsindəki islahatlar, bərpaolunan enerji sahəsinin inkişafı barədə məlumat verib.
AREA-nın direktoru sabah keçiriləcək Mineral İnvestisiya Sammitində iştirak edəcək.