Pakistanlı tədqiqatçı: Qarabağın bərpası üzrə görülən işlər qısa müddətdə diqqətçəkən nəticələr göstərib VİDEO
Bakı, 21 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Bakıda çox yüksək səviyyədə təşkil olunub. Tədbirin hər bir hissəsi düşünülüb və bura fikir mübadiləsi, yeni ideyalar qazanmaq baxımından əvəzsiz platformaya çevrilib.
Bu barədə AZƏRTAC-a açıqlamasında pakistanlı tədqiqatçı Şer Şah Xan deyib.
“COP29 zamanı Bakıda olmuşdum və WUF13 üçün yenidən buradayam. Burada COP29-da tanış olduğum bir çox insanla yenidən görüşdüm. Bu da göstərir ki, belə platformalar real fəaliyyət və əməkdaşlıq üçün imkan yaradır”, – deyə o qeyd edib.
Şer Şah Xan dayanıqlı şəhərlərin gələcəyinin formalaşdırılmasında beynəlxalq platformaların rolunu yüksək qiymətləndirib: “WUF13-ün bir sıra vacib mövzuları əhatə etməsi və yeni innovativ yanaşmalar sərgiləməsini çox təqdir edirəm”.
Onun sözlərinə görə, dayanıqlı şəhər inkişafı kimi məsələlər çoxşaxəli və qarşılıqlı əlaqəli olduğundan burada yalnız dövlətlərin deyil, həm özəl sektorun, həm də cəmiyyətin iştirakı vacibdir.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma işlərinə də münasibət bildirən Şer Şah Xan bu prosesi yüksək qiymətləndirib.
Şer Şah Xan qeyd edib ki, müharibədən sonra Şuşaya səfər edib və gördüklərinin onda xoş təəssürat yaratdığını vurğulayıb.
“Pakistanlı olaraq azərbaycanlı bacı və qardaşlarımla qürur duyuram. Torpaqların geri qaytarılması və ardınca onların sürətlə inkişaf etdirilməsi diqqətçəkəndir. Münaqişədən sonra iki-üç il ərzində aparılan yenidənqurma və mənzil layihələri böyük işdir”, – deyə o bildirib.
Ekspert əlavə edib ki, bu proses yalnız dövlətin deyil, Azərbaycan cəmiyyətinin və özəl sektorun birgə səyləri nəticəsində həyata keçirilir və uzun illər ərzində formalaşmış boşluqların qısa müddətdə aradan qaldırılmasına yönəlib.