PARİS YAXINLIĞINDA “BAKI” KAFESİ AÇILMIŞDIR
Kafenin sahibi Mehriban Qasımova AZƏRTAC-ın müxbirinə demişdir: “Sumqayıtda doğulmuşam. Fransada yaşayan Cənubi azərbaycanlı yaxın qohumum Əli ilə ailə həyatı qurduqdan sonra taleyimə bu ölkədə yaşamaq yazılmışdır. Parisdə hər dəfə müxtəlif ölkələrin, onların paytaxtlarının və dünyanın məşhur şəhərlərinin adlarını daşıyan restoran, kafe, bar və yeməkxanalara rast gələndə ürəyimdən Azərbaycanı onun hüdudlarından çox-çox uzaqda olan Fransada tanıtmaq arzusu keçirdi. Maddi vəziyyətimiz bir qədər düzəldikdən sonra bu qəsəbədə “Bakı” kafesi açdıq. İlk günlər bir qədər çətinlik çəkirdik, lakin indi hər şey öz qaydasındadır. Zəngin mətbəximizi təbliğ etmək üçün hər cür ləziz yeməklər hazırlayırıq. Fransız müştəriləri bir çox milli salatlarımızın, dolma, düşbərə, plov, göyərti və ət qutablarının, digər xörəklərimizin dadına baxmış və hədsiz dərəcədə bəyənmişlər. Müştərilərimiz hətta evlərinə aparmaq üçün daha çox xoşladıqları qutab sifariş verirlər. Gələcəkdə xörəklərin çeşidini artırmağı nəzərdə tutmuşuq. Daha bir arzumuz Parisdə “Azərbaycan” restoranı açmaqdır”.
Hər tərəfdə təmizliyin hökm sürdüyü kafedə xanəndə və müğənnilərimizin ifasında mahnılar səsləndirilir, müxtəlif kliplər göstərilir. Kafenin divarlarında Bakının tarixi abidələrini və mənzərələrini əks etdirən şəkillər asılmışdır.
Kimin yolu Parisə düşsə və Azərbaycan xörəkləri üçün darıxsa, yolunu Korbey-Esson qəsəbəsindəki “Bakı” kafesindən sala bilər.