SİYASƏT
PARLAMENT XƏBƏRLƏRİ
Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov və iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov ATƏT-in Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün fevralın 20-dən 24-dək Vyanada səfərdə olacaqlar.
Sessiyada qurumun siyasi işlər və təhlükəsizlik üzrə, iqtisadi siyasət, elm, texnologiya, ətraf mühitin mühafizəsi, demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə komitələrinin iclaslarında təşkilatın rəhbərlərinin məruzələri dinləniləcək, qaldırılan məsələlər ətrafında müzakirələr aparılacaqdır. Komitələrin birgə iclasında ATƏT-in Parlament Assambleyasının yekun bəyanatı qəbul olunacaqdır.
Deputatlar sessiyada müzakirəyə çıxarılan məsələlərə öz münasibətlərini bildirəcək, qeyd və təkliflərini verəcəklər.
X X X
Milli Məclisin deputatları Asəf Hacıyev, Anar Məmmədxanov, Novruz Quliyev, Kərəm Əliyev və Nizami Quliyev Avropa Birliyi - Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin növbəti iclasında iştirak etmək üçün fevralın 22-dən 28-dək Brüsseldə səfərdə olacaqlar.
İclasda əməkdaşlıq sazişi çərçivəsində təşkilatla Azərbaycan arasındakı əlaqələrin vəziyyəti, Azərbaycanda çoxpartiyalılıq, demokratiya, insan haqlarının və mətbuat azadlığının inkişafı sahəsində görülən işlər, bölgədə enerji və nəqliyyat sahəsində əməkdaşlıq, Avropa Birliyinin Cənubi Qafqazda rolu, regional münaqişələrin həlli yolları və sair məsələlər müzakirə olunacaqdır.
X X X
Milli Məclisin deputatı Fəzail Ağamalı MDB Parlamentlərarası Assambleyasının dövlət quruculuğu və yerli idarəçilik təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının fevralın 20-də Sankt-Peterburqda keçiriləcək növbəti iclasında iştirak edəcəkdir.
Iclasda bələdiyyə qulluğunun əsasları, yerli özünüidarə orqanlarına bir sıra səlahiyyətlərin verilməsinin ümumi prinsipləri haqqında model qanun layihələri, MDB üzvü olan ölkələr üçün sərhədyanı əməkdaşlıq konvensiyası və bu mövzuda beynəlxalq konfransın keçirilməsi barədə məsələlər müzakirə olunacaqdır.
Milli Məclisin
mətbuat xidməti