CƏMİYYƏT
Paytaxt rayonlarında qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatıb
Bakı, 3 dekabr, AZƏRTAC
Qış mövsümünə hazırlıqla bağlı paytaxt rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun mövsümə, xüsusilə qarlı havalara hazırlıq tədbirləri davam edir. Bununla əlaqədar olaraq, şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib.
BŞİH-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxtda qarlı havalara hazırlıq tədbirlərinin vəziyyəti məsələləri Pirallahı, Səbail və Qaradağ rayonlarında müzakirə edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin, rayon rəhbərliyinin, kommunal-təsərrüfat və digər aidiyyəti qurumların rəhbərlərinin, həmçinin özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən müşavirələrdə hər bir sahə rəhbərinin hesabatı dinlənilib.
Qeyd olunub ki, rayonlardakı bütün təşkilatlar mövsümə hazırlıq tədbirlərinin həyata keçirilməsində fəal iştirak etməli, yağıntılar zamanı bitişik ərazinin qardan və buzdan təmizlənməsi üçün müvafiq tədbirlər görməlidirlər. Qarın təmizlənməsi işinə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.
Eyni zamanda, ictimaiyyət nümayəndələrinə, ictimai iaşə müəssisələrinin və özəl qurumların rəhbərlərinə qarlı günlərdə özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştiraka çağırış edilib.
Bununla da, paytaxt rayonlarında qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatıb.