Paytaxt sakininin dəm qazından boğulub ölməsi ilə əlaqədar cinayət işi başlanılıb
Bakı, 3 mart, AZƏRTAC
Martın 2-də saat 14 radələrində Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 132 ünvanında qeydiyyatda olan 1958-ci il təvəllüdlü Kərimov Əyyub Zakir oğlunun yaşadığı mənzilin hamam otağında ailə üzvləri tərəfindən kəskin qaz iyi hiss edilərək meyitinin aşkarlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bakı Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilir ki, rayon prokurorluğunun əməkdaşları məlumat əsasında dərhal həmin ünvana gediblər. Həmin ünvanda məhkəmə-tibb ekspertinin, Bakı Regional Qaz İstismar Departamentinin Nərimanov texniki istismar xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə və cəsədə baxış keçirilib. Müayinə zamanı cəsədin bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Cəsədin aşkar olunduğu şərait onun dəm qazından boğulmasına əsaslı şübhələr yaratdığından meyit daxili müayinə edilərək ölümün səbəblərinin müəyyənləşdirilməsi üçün Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyininin Nərimanov rayon şöbəsinə göndərilib. Daxili müayinə zamanı müəyyən edilib ki, Ə.Kərimovun ölümünə səbəb dəm qazı ilə zəhərlənmə olub.
Ə.Kərimovun ailə üzvləri tərəfindən onun ölməsi ilə bağlı hər hansı şikayət daxil olmayıb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.