İQTİSADİYYAT
Paytaxtın Nəcəfqulu Rəfiyev küçəsinin bir hissəsi təmir olunub VİDEO
Bakı, 10 fevral, AZƏRTAC
Paytaxtın Xətai rayonunun Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı və Nobel prospektlərinin kəsişməsində yerləşən hissəsində aparılan təmir işləri yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qısa müddət ərzində icra olunan təmir işləri küçənin 410 metrlik hissəsini əhatə edib. Küçənin sözügedən hissəsində yaranan çalalar və torşəkilli çatların gələcəkdə yol yatağına vura biləcək daha ciddi zərərin qarşısını almaq məqsədilə asfalt-beton örtüyünün aşınma qatı tam olaraq yenilənib.
Təmir-tikinti işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yolun hərəkət hissəsində müəyyən genişləndirmə işləri icra olunub. Daha sonra isə frezlənmiş əraziyə yeni asfalt-beton örtüyü döşənib. Asfaltlanma işləri ümumilikdə 6 min kvadratmetrədək sahəni əhatə edib.
Bununla yanaşı, küçəboyu zəruri yerlərdə piyada səkiləri bərpa olunub, səkilərin hərəkət hissəsi asfaltlanıb, təmir işlərinin aparıldığı ərazidə köhnə səki daşları yenisi ilə əvəz edilib. Sonuncu mərhələdə Nəcəfqulu Rəfiyev küçəsinin sözügedən hissəsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb. Küçə artıq yeni görkəmdə vətəndaşların istifadəsindədir.