Paytaxtın Nobel prospektində oğurlanmış yağış barmaqlıqları bərpa olunub VİDEO
Bakı, 31 mart, AZƏRTAC
Səth sularının normal axıdılması üçün nəzərdə tutulan və yolun hərəkət hissəsinin kənarlarında yerləşən yağış sistemlərinə aid quyuların barmaqlıqlarının ən çox oğurlandığı ərazilərdən biri paytaxtın Nobel prospektidir. Prospektdə qısa müddət ərzində 97 ədəd barmaqlıq yoxa çıxıb. Baş vermiş hadisə ilə bağlı yol təsərrüfatına külli miqdarda ziyan dəyib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, oğurluq faktı ilə əlaqədar agentlik tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib və qısa müddət ərzində yağış barmaqlıqlarını oğurlayanlar aşkar edilərək məsuliyyətə cəlb olunublar.
Oğurlanmış barmaqlıqların 19-u geri qaytarılıb, 78-i isə bu gün agentlik tərəfindən alınaraq çatışmayan yerlərə qoyulub.
Analoji faktlar müxtəlif vaxtlarda mərkəzi küçə və prospektlər istisna olmaqla digər prospekt və yollarda da qeydə alınır.
Sözügedən faktlarla da bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub və qısa müddət ərzində həmin ərazilərdə səth sularının axıdılması üçün nəzərdə tutulmuş quyuların barmaqlıqlarının yerlərinə quraşdırılması təmin ediləcək.