PAYTAXTIN QUŞÇULUQ MÜƏSSİSƏLƏRİNDƏ “QUŞ QRİPİ” YOXDUR
Şəhərin ərazisində səbəbindən asılı olmayaraq ölmüş quşların cəsədləri yığılıb müvafiq qaydada zərərsizləşdirilir, cəsədlərin tapıldığı və qalıqların basdırıldığı yerlər dezinfeksiya olunur. Fevralın 1-dən bəri 8 min 986 quş cəsədi məhv edilmişdir.
Fevralın 23-də keçirilən növbəti monitorinqlərin birində Binəqədi rayonunun Xocahəsən qəsəbəsində yerləşən və dövlət baytarlıq qeydiyyatında olmayan “Səfalı” MMC-də quşların kütləvi şəkildə qırıldığı aşkar edilmişdir. Patoloji material və yemin müayinəsi quşların Nyukasl xəstəliyindən tələf olduğunu təsdiq etmişdir. Eyni zamanda, yemdə kolobakterioz və pasterelyoz xəstəliyinin törədiciləri aşkar olunmuşdur. Müəssisə dövlət baytarlıq nəzarətinə götürülmüşdür və orada lazımi tədbirlər görülür.
Bakı şəhəri ərazisindəki quşçuluq müəssisələri tamamilə qapalı rejimdə fəaliyyət göstərir, bütün işlər baytarlıq-sanitariya tələblərinə uyğun təşkil edilmişdir. Bazarlara, digər ticarət obyektlərinə, ictimai iaşə müəssisələrinə yalnız üzərində təsərrüfatın dövlət baytarlıq xidmətində qeydiyyatdan keçdiyini, konkret müəssisəyə məxsusluğunu və sağlamlığını bildirən qeydlər olan məhsullar buraxılır. Ona görə də inamla deyirik ki, bu gün paytaxtın quşçuluq müəssisələrində “quş qripi” virusu yoxdur.