Pediatr: Uşaqlarda arterial təzyiq hər yaş qrupuna görə dəyişir
Bakı, 25 oktyabr, AZƏRTAC
Arterial hipertenziya adətən yaşlılar arasında ən çox yayılan hallardan biri olsa da, buna uşaqlar arasında da rast gəlinir. Uşaqlarda arterial təzyiq göstəriciləri böyüklərdən fərqli olaraq, hər yaş qrupuna görə dəyişir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin pediatrı Aynur Adıgözəlova bildirib.
A.Adıgözəlova qeyd edib ki, uşaqlarda təzyiq müxtəlif səbəblərə görə yüksələ bilər: “Ümumiyyətlə, arterial hipertenziya birincili və ikincili xarakter daşıyır. Birincili hipertenziya heç bir xəstəliyin ağırlaşması olmadan sərbəst şəkildə yaranır və hipertoniya xəstəliyi kimi də tanınır. Uşaqlarda bunun yaranma səbəbi çox ola bilər, o cümlədən irsi meyillik, psixoemosional gərginlik, passiv həyat tərsi, əmək və istirahət saatlarının qeyri-düzgün paylaşdırılması, keçid yaş dövrü, telefon asılılığı və s. İkincili arterial hipertenziya böyrək, endokrin, ürək-damar və s. sistemlərin xəstəliklərinin simptomu kimi yarana bilər. Arterial təzyiq iki komponent arasında balansın pozulmasından yaranır. Bu, bir dəqiqə ərzində ürəkdən qovulan qanın həcmi və damar divarının genişlənmək xüsusiyyətidir.
Bu iki komponentin işini tənzimləyən müxtəlif mediatorlar var və onlar ayrı-ayrı orqan və toxumalar tərəfindən sintez olunur. Sistemlərin işində hər hansı patologiya yaranarsa, dolayı yolla arterial hipertenziyaya səbəb ola bilər, yəni ikincili hipertenziya yaranar. Bu zaman yüksək təzyiq xəstəlik kimi deyil, əsas xəstəliyin yanaşı simptomlardan biri kimi özünü göstərir”.