QAN YADDAŞI
Pekində Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Pekin, 19 yanvar (AZƏRTAC). Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi Çin Xalq Respublikasında anılmışdır.
Azərbaycanın Pekindəki səfirliyində keçirilən tədbirdə əvvəlcə Qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Bu ölkədə yaşayan soydaşlarımızın və tələbələrin iştirak etdikləri tədbirdə səfir Lətif Qəndilov bildirmişdir ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Vətənin qeyrətli övladları xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq müdhiş gecədə canlarından keçmişlər. Həmin qanlı qırğından 23 il keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur.
Bildirilmişdir ki, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə 20 Yanvar faciəsini törədənlərin adları rəsmi şəkildə açıqlanmış, hadisə öz hüquqi-siyasi qiymətini almışdır.
Sonda Qara Yanvar hadisələrinə həsr edilmiş film nümayiş olunmuşdur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin