Pekinə xaricdən gələnlərin 14 gün karantində qalması tələb olunur
Pekin, 13 mart, AZƏRTAC
Çinin paytaxtına xarici ölkələrdən gələn bütün şəxslərin 14 gün müddətinə karantində qalması tələb olunur.
AZƏRTAC şəhər hökumətinə istinadla xəbər verir ki, son günlər xarici ölkələrdən, o cümlədən İtaliya və ABŞ-dan gələn bir neçə nəfərdə yeni tip koronavirus (COVID-19) infeksiyası aşkarlanandan sonra qabaqlayıcı və nəzarət tədbirlərini gücləndirmək üçün belə bir qərar qəbul olunub. Qərara əsasən xaricdən işgüzar məqsədlə Pekinə səyahət edən əcnəbilər 14 gün xüsusi ayrılmış mehmanxanalarda qalmalıdırlar. Onlarda COVID-19 infeksiyasının olmasını dəqiqləşdirmək üçün analizlər də götürüləcək.
Xaricdən qayıdan Pekin sakinləri və daimi yaşayış icazəsi olan əcnəbilər isə öz evlərində 14 gün təcrid olunmuş halda yaşamalıdırlar. Səlahiyyətli qurumlar karantin dövründə həmin şəxsləri nəzarətdə saxlayacaq. Karantin dövründə səhlənkarlıq edib yaşadığı yeri tərk edənlərə qarşı sərt cəzalar tətbiq olunacaq.
Qeyd edək ki, Çində COVID-2019-a yoluxanların sayı 81 min 4, bu virus səbəbindən ölənlərin sayı isə 3 min 181 nəfərə çatıb. Çin Dövlət Səhiyyə Komitəsinin məlumatına əsasən, ötən sutka ərzində 8 yoluxma və 7 ölüm faktı qeydə alınıb. Son günlər Çində virusa yoluxanların və ölənlərin sayında azalma müşahidə olunur. İndiyədək 64 min 220 xəstə müalicəni başa vuraraq xəstəxananı tərk edib. Çin Dövlət Səhiyyə Komitəsi ölkədə yeni tip koronavirusun (COVID-19) yayılmasının pik dövrünün başa çatdığını açıqlayıb.
Hazırda Çindən kənarda, xüsusən Avropa ölkələrində, İranda və ABŞ-da COVID-19-un sürətlə yayılması müşahidə olunur. Çin istisna olmaqla 126 ölkədə 44 mindən yuxarı yoluxma, 1570 ölüm faktı qeydə alınıb. Martın 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirusun dünyada yayılmasının pandemiya xarakteri aldığını elan edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin