Pərviz Şahbazov: Xəzər regionu Avropanın enerji keçidinin əsas mərkəzlərindən birinə çevrilir
Bakı, 5 dekabr, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov COP 28-ə sədrlik edən Birləşmiş Ərəb Əmirliklərinin və Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən “Bərpaolunan enerji və Enerji səmərəliliyi Nazirləri”nin dəyirmi masasında iştirak edib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Pərviz Şahbazov 2030-cu ilə qədər dünyada bərpaolunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin isə ikiqat artırılması üzrə “Bərpaolunan Enerji və Enerji Səmərəliliyinə dair Qlobal Vəd” birgə təşəbbüsünə Azərbaycanın dəstəyini ifadə edib. Nazir Azərbaycanın COP 28 çərçivəsində irəli sürülən təşəbbüslərə qoşulmasını “yaşıl enerji” keçidinə və Avropa İttifaqı ilə yenilənmiş strateji enerji tərəfdaşlığının “yaşıl enerji” müddəalarının icrasına sadiqliyin göstəricisi kimi dəyərləndirib. Bildirilib ki, Azərbaycan Xəzər dənizinin 157 QVt-lıq külək enerjisi potensialı və növbəti on ildə reallaşdıracağı 10 QVt “yaşıl enerji” layihələri, “yaşıl enerji dəhlizi”, həmçinin Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanı “yaşıl enerji” zonalarına çevirməsi, enerji səmərəliliyi sahəsində islahat tədbirləri ilə bu qlobal təşəbbüsə əhəmiyyətli töhfələr verəcək: “2027-ci ilədək 2 QVt həcmində “yaşıl güc”lərin enerji sistemimizə inteqrasiyası bərpaolunan enerjinin payını 33 faizə yüksəldəcək. Nəticədə 2030-cu ilə 30 faizlik hədəfimizi daha erkən və artıqlaması ilə yerinə yetirə biləcəyik. Azərbaycanın bərpaolunan enerjisi həm də avropalı tərəfdaşlarının enerji təchizatını şaxələndirəcək. Hesab edirəm ki, Xəzər regionu Avropanın enerji keçidinin əsas mərkəzlərindən birinə çevrilir”,- deyə nazir əlavə edib.
Qeyd edək ki, tədbirdə 35 ölkə, 13 şirkət və təşkilat təmsil olunub.