Pirallahıda “Təmiz ölkəm” aksiyası çərçivəsində iməcilik təşkil edilib
Bakı, 28 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Abşeron Milli Parkında “Təmiz Ölkəm” aksiyası çərçivəsində iməcilik keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin əsas məqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və gəncləri ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə cəlb etməkdən ibarət olub.
Aksiyada idarə, müəssisə, təşkilat kollektivləri və ictimaiyyət nümayəndələri olmaqla ümumilikdə 200-ə yaxın könüllü qoşulub və 6 hektar sahədən 1,5 tondan artıq məişət tullantısı təmizlənərək ərazidən daşınıb.