ELM VƏ TƏHSİL
Polimer Materialları İnstitutunda COP29-a həsr olunan tədbir keçirilib
Bakı, 13 sentyabr, AZƏRTAC
Sentyabrın 13-də Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə COP29-a həsr olunmuş növbəti tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə Poliefir və polikarbonat materiallar lаbоrаtоriyаsının kiçik elmi işçisi Ülviyyə İsmayılova yaşıl iqtisadiyyata keçid və yaşıl enerji təchizatçısına çevrilmək Azərbaycan iqtisadi siyasətinin prioritetlərindəndir” mövzusunda çıxış edib. Məruzəçi yaşıl iqtisadiyyatın genişləndirilməsi istiqamətində dünyada həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. O, yaşıl iqtisadiyyatın inkişafı, rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, təkrar emal prosesinin artırılması sahələrində əldə etdiyi uğurların “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olan Azərbaycana COP29-a ev sahibliyi etmək hüququ qazandırdığını bildirib.
Ülviyyə İsmayılova Balaxanı Sənaye Parkı və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun fəaliyyətləri haqqında məlumat verib. İşğaldan azad edilmiş ərazilərin yaşıl iqtisadiyyat potensialından danışan məruzəçi həmin ərazilərin bərpası prosesinin mühüm tərkib hissəsi kimi enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətini xüsusi qeyd edib.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb.