SİYASƏT
Politoloq: 2019-cu ildə Azərbaycan uzun illərin nailiyyətlərini əldə edib
Bakı, 14 yanvar, Vüqar Qurbanoğlu, AZƏRTAC
2019-cu il ölkəmiz üçün uğurlu il olub. Ötən gün Prezident İlham Əliyevin ilin yekunlarına dair keçirdiyi müşavirədəki nitqi bunu deməyə əsas verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Samir Adıgözəlli bildirib. O qeyd edib ki, dövlət başçısı nitqində respublikanın bütün həyatını əhatə edən uğurlardan danışdı. 2019-cu ildə Azərbaycan uzun illərin nailiyyətlərini əldə edib. Uğurlu daxili və xarici siyasət, həyata keçirilən islahatlar, sosial-iqtisadi inkişaf Azərbaycanın dünyadakı nüfuzunu artırır. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, keçən il ölkəmizin beynəlxalq mövqeləri möhkəmlənib. Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilib. Bu təbirlər həm ölkəmizin dünyadakı mövqeyini əks etdirir, həm də möhkəmləndirir. Dövlətimiz dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq gücümüz də ildən-ilə artır.
Politoloq qeyd edib ki, Prezident çıxışında beynəlxalq aləmdə ölkəmizin əldə etdiyi nailiyyətlərə xüsusi toxunub. İl ərzində ölkəmizə həm ikitərəfli formatda, həm də beynəlxalq tədbirlərdə iştirak üçün 40-dan çox dövlət və hökumət başçısının səfər etdiyini vurğulayan dövlət başçısı bildirib: “Eyni zamanda, bizim qonşu dövlətlərin dövlət və hökumət başçıları ilə çoxsaylı görüşlərim olubdur və bu görüşlər çox önəmlidir. Çünki qonşularla münasibətlərin qurulması hesab edirəm ki, hər bir ölkə üçün prioritet olmalıdır. Azərbaycanın öz qonşuları ilə çox möhkəm və qarşılıqlı maraqlar əsasında formalaşmış əlaqələri mövcuddur. Bu əlaqələr keçən il daha da möhkəmləndi”. Ötən il Azərbaycana Avropa İttifaqı Şurasının prezidentinin səfəri Avropa İttifaqı ilə ölkəmiz arasındakı əlaqələri inkişaf etdirir. Eyni zamanda, bu səfər əlaqələrə böyük töhfə verib. Hazırda Avropa İttifaqı ilə Azərbaycan yeni saziş üzərində işləyir və bu müsbət nəticələrə yol açacaq.
Ötən il hərbi sahədə böyük uğurların əldə olunduğunu deyən politoloq əlavə edib ki, hərbi potensialımız möhkəmlənib. Keçən il müasir hərbi texnika alınıb və Azərbaycanda istehsal olunub. Təsadüfi deyil ki, Azərbaycan Ordusu hərbi potensialına, maddi-texniki təchizatına və döyüş qabiliyyətinə görə dünyada 52-ci yerdədir.