Politoloq: Aprel döyüşləri Zəfərə gedən yolda çox vacib mərhələ olub
Bakı, 1 aprel, AZƏRTAC
Aprel döyüşləri Azərbaycan tarixinin şanlı səhifəsinin başlanğıc nöqtələrindən biridir. Ən yeni tariximizdə, daha doğrusu zəfər tariximizdə mühüm yerə sahibdir. Bu döyüşlər Azərbaycanın uzun müddətdir davam edən məğlubiyyət sindromunun qırıldığı an kimi qiymətləndirilir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Turan Rzayev deyib.
O xatırladıb ki, Birinci Qarabağ müharibəsindən sonra, xüsusilə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu işlərinə başlanıldı. 1990-cı illərdə dağınıq və pərakəndə vəziyyətdə olan Azərbaycan Ordusu vahid mərkəzi komandanlığa tabe edildi. Ordunun peşəkarlığı artırıldı, yeni texnika cəlb olundu və bu sahədə mühüm işlər görüldü. Daha sonra isə bu istiqamətdə görülən işləri Prezident İlham Əliyev uğurla davam etdirdi. Onun rəhbərliyi dövründə, xüsusilə 2016-cı ilə qədər, ordu sahəsində çox ciddi addımlar atıldı. Əvvəlki islahatlar daha da təkmilləşdirildi, ordumuz NATO standartlarına uyğun şəkildə yeniləndi.
“Ermənistan tərəfi isə bu müddətdə əsasən köhnəlmiş, sovet və rus istehsalı texnikalardan istifadə edir, kadr hazırlığı isə zəif səviyyədə qalırdı. Ancaq Ermənistan hələ də əvvəlki qələbə eyforiyasından çıxa bilməmiş, Azərbaycanı zəif hesab etməyə davam edirdi. Hətta o dövrdə səsləndirilən bəzi açıqlamalarda Azərbaycanın yeni ərazilər itirə biləcəyi iddia olunurdu. Bundan əlavə, “təmas xəttinin aşılmazlığı” kimi bir mif formalaşdırılmışdı. Lakin 2016-cı ilin Aprel döyüşləri bu mifləri tamamilə dağıtdı. Bu döyüşlər zamanı aydın oldu ki, torpaqlarımızın işğaldan azad edilməsi mümkündür. Azərbaycan Ordusu həm təşkilati, həm də texnoloji baxımdan üstünlüyünü göstərdi”, - deyə politoloq əlavə edib.
T.Rzayevin qənaətinə görə, 2016-cı ildə əldə edilən ən böyük nailiyyətlərdən biri də psixoloji üstünlük idi.
“Ermənistan artıq Azərbaycanın zəif olmadığını anladı. Ən əsası isə Azərbaycan Ordusu qələbə qazana biləcəyinə inandı. Çünki bir ordunun çox silahı və gücü ola bilər, lakin qələbəyə inam yoxdursa, o, tam mənada güclü ordu sayıla bilməz. Aprel döyüşlərində biz məhz bu inamı qazandıq. Bu döyüşlər gələcək qələbələr üçün möhkəm təməl yaratdı, yekun Zəfərə gedən yolda çox vacib mərhələ oldu. Beləliklə, Aprel döyüşləri bizim qələbə ruhumuzu formalaşdırdığımız, özünə inam qazandığımız və torpaqlarımızın işğaldan azad edilə biləcəyini dərk etdiyimiz mühüm bir tarix kimi yadda qaldı”, - deyə politoloq vurğulayıb.