Politoloq: AŞPA və bəzi Qərb təşkilatları mənfi atmosfer formalaşdırmaqla inamsızlıq mühiti yaradırlar
Bakı, 26 yanvar, AZƏRTAC
AŞPA-nın ölkəmizə qarşı sərgilədiyi qərəzli münasibətin kökündə dayanan əsas səbəb Qərbin bəzi dairələrinin və təşkilatlarının Azərbaycanın Qarabağda suverenliyinin tam bərpasından narahatlıq keçirmələridir ki, onlar da bunu artıq gizlətmirlər. Alman deputat tərəfindən təqdim olunan sənəddə guya Azərbaycanın təşkilatın daxili qaydalarını pozduğu göstərilir, halbuki AŞPA 2023-cü ilin iyununda Laçın yolu ətrafında cərəyan edən proseslərə ədalətli yanaşmayaraq bəyanat qəbul etmişdi. Hər zaman ali dəyərlərdən ağızdolusu danışan bəzi Qərb dövlətləri Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərində qanunsuz erməni hərbi birləşmələrinə qarşı həyata keçirdiyi antiterror tədbirlərini niyə həzm edə bilmir? Əlbəttə, sual ritorikdir, bu, Ermənistanı zəif bənd kimi qələmə verib “təhlükəsizliyinə təhdidlər mövcuddur” bəhanəsi ilə bölgədə qalıcı maraqlarını təmin etməkdən ötrü Azərbaycan-Avropa əlaqələrini gərginləşdirməyə hesablanmış addımlardır. Bu da, ilk növbədə, Qərbin özünə zərər verə bilər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tural Əliyev söyləyib.
O deyib ki, baş verən proseslərdə Fransanın pərdəarxası “dirijor” rolunu oynaması artıq heç kəsdə şübhə doğurmur. Həmçinin tək AŞPA deyil, ümumilikdə Qərbin bəzi beynəlxalq təşkilatlarının Azərbaycana qarşı total hücumlarının məqsədi Cənubi Qafqazda regional əməkdaşlığa təhdid yaratmaq və yeni cəbhələr formalaşdırmaqdır. Zəncirvari şəkildə Qərb tərəfindən səsləndirilən əsassız bəyanatları bir cərgəyə düzsək, proseslər daha aydın şəkildə başa düşülər. AŞPA ilə paralel olaraq, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel də ümumi “xora” qoşularaq Azərbaycan-Qərb münasibətlərinə kölgə salmaqda davam edir. Maraqlıdır ki, avropalı siyasətçilər bir tərəfdən Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolunu xüsusi olaraq qeyd edir, digər tərəfdən isə kəskin ritorika ortalığa qoymaqla qarşılıqlı etimadı aşağı salmaqla məşğuldurlar.
“Azərbaycan beynəlxalq təşkilatlara üzv olarkən ilk tələb kimi ərazi bütövlüyü məsələsini qətiyyətlə bəyan etmişdi. Üzv olduğumuz və əməkdaşlıq etdiyimiz bəzi Qərb təsisatları isə Azərbaycan dövlətinin separatizmi aradan qaldıraraq, regionu böyük müharibə risklərindən sığortaladığı üçün dəstək göstərmək əvəzinə, buna qarşı çıxdı. Buna əks siyasət yürüdən imperialist güclər isə davamlı münaqişə ocaqları yaratmaq və alovlandırmaq düşüncəsindən kənara çıxa bilmirlər. Bu baxımdan konfliktlər varsa, maraqlar da var prinsipi bugünkü dünyanın sabitliyinə ciddi təhlükə yaradır.
Fransanın əlinin altında oyuncaq quruma çevrilən təşkilatlarda təmsil olunan digər ölkələr haqsızlığa qarşı dərhal reaksiyalar verməlidirlər, əks halda prosesin sonu Avropa üçün mənfi tendensiyalara yol aça bilər. Belə olan təqdirdə münasibətlərdə yaranmış çatlar bütövlükdə Azərbaycan-Qərb əlaqələrinə yaxşı gələcək vəd etmir. Bundan əlavə, Azərbaycanın milli maraqlarına hörmət etməyən istənilən dövlət və təşkilatla əlaqələr kəsiləcək”, - deyə T.Əliyev vurğulayıb.
Politoloq əlavə edib ki, Avropa İttifaqı Azərbaycan-Ermənistan arasında vasitəçilik təklif edir. Amma vasitəçinin ilk funksiyası münaqişə iştirakçıları arasında ortaq nöqtələri tapıb, effektiv sülh platformasının təşkilində iştirak etməkdir. Lakin AŞPA və bəzi Qərb təşkilatları neqativ atmosfer formalaşdırmaqla inamsızlıq mühiti yaradırlar. Ümid etmək istərdik ki, bu tipli təsisatlar qərəzi bir kənara qoyub, rasional düşüncə ilə problemlərə yanaşaraq münasibətlərin korlanmasına deyil, normallaşmasına dəstək verəcəklər.