Politoloq: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlığın yeni mərhələsinə daxil olur
Bakı, 24 iyun, AZƏRTAC
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri Azərbaycan–Türkmənistan münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələyə daxil olduğunu göstərir. Bu gün iki ölkə arasında münasibətlər artıq ənənəvi dostluq və qardaşlıq münasibətləri çərçivəsini aşaraq nəqliyyat, logistika, enerji təhlükəsizliyi, ticarət və investisiya əməkdaşlığını əhatə edən çoxşaxəli xarakter alıb.
Bunu AZƏRTAC-a açıqlamasında politoloq Yunis Qurbanov bildirib.
Onun sözlərinə görə, son illərdə iki ölkə arasında siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlərin artması və hökumətlərarası əməkdaşlıq mexanizmlərinin fəallaşması münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir. Xüsusilə Xəzər dənizində yerləşən “Dostluq” yatağı ilə bağlı əldə olunan razılaşma tərəflərin mürəkkəb məsələləri qarşılıqlı etimad və tərəfdaşlıq əsasında həll etmək iradəsini ortaya qoyub.
“Azərbaycan və Türkmənistan bu gün Orta Dəhlizin inkişafında əsas iştirakçılar sırasında yer alırlar. Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanı Avropa ilə Mərkəzi Asiya arasında formalaşan yeni nəqliyyat marşrutlarının mühüm həlqələrinə çevrilib. Son illərdə müşahidə olunan yaxınlaşmanın əsas səbəbləri regional və qlobal geosiyasi dəyişikliklər, eləcə də ortaq iqtisadi maraqlarla bağlıdır. Avrasiya məkanında nəqliyyat marşrutlarının yenidən formalaşması Orta Dəhlizin strateji əhəmiyyətini artırıb və Azərbaycanla Türkmənistanı Şərq-Qərb istiqamətində əsas tranzit tərəfdaşlara çevirib. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların həcminin artması bu əməkdaşlığın praktik nəticələrini nümayiş etdirir. Eyni zamanda, nəqliyyat-logistika, gəmiçilik, tranzit xidmətləri və investisiyalar sahəsində əməkdaşlıq da genişlənməkdədir”.
Politoloq vurğulayıb ki, enerji amili Azərbaycan–Türkmənistan münasibətlərində mühüm yer tutur. Türkmənistan dünyanın ən böyük qaz ehtiyatlarına malik ölkələrdən biri, Azərbaycan isə Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşdır. Bu baxımdan Xəzər regionunda enerji əməkdaşlığının genişləndirilməsi hər iki ölkənin strateji maraqlarına cavab verir.
“Xəzər dənizində əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur. Bakı və Türkmənbaşı limanlarının imkanlarının artırılması Orta Dəhlizin əsas logistika qovşaqlarının formalaşmasına xidmət edəcək. Bununla yanaşı, “Dostluq” yatağı üzrə əməkdaşlıq modeli gələcək enerji layihələri üçün də mühüm təcrübə rolunu oynaya bilər. Rəqəmsal bağlantılar da əməkdaşlığın perspektiv istiqamətlərindəndir. Xəzərin dibi ilə fiber-optik kommunikasiya infrastrukturu layihələrinin həyata keçirilməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında rəqəmsal inteqrasiyanı daha da gücləndirə bilər. Yaşıl enerji, gəmiqayırma, liman infrastrukturu, ətraf mühitin mühafizəsi və Xəzər ekosisteminin qorunması sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensial mövcuddur. Artıq Xəzər yalnız enerji resursları məkanı deyil, həm də Avrasiyanın mühüm nəqliyyat, logistika və kommunikasiya platformasına çevrilməkdədir”, - deyə Yunis Qurbanov bildirib
O deyib ki, Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əməkdaşlığın yeni mərhələyə daxil olduğunu nümayiş etdirən mühüm siyasi hadisədir. Bu səfər region ölkələrinin iqtisadi əməkdaşlığa, nəqliyyat bağlantılarının genişləndirilməsinə və qarşılıqlı faydaya əsaslanan tərəfdaşlıq modelinə üstünlük verdiyini göstərir.
“Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsi də Azərbaycan–Türkmənistan münasibətlərinə əlavə dinamika qazandırır. Azərbaycanın türk dövlətləri ilə iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında inteqrasiyanın güclənməsinə xidmət edir. Bu gün Azərbaycan və Türkmənistan regional əməkdaşlıqda suverenlik, qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanan model formalaşdırırlar. Bu yanaşma həm regional sabitliyin möhkəmlənməsinə, həm də Avrasiya məkanında yeni iqtisadi imkanların yaranmasına mühüm töhfə verir. Səfər göstərir ki, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əməkdaşlıq daha strateji və institusional xarakter alır, Azərbaycan isə bu prosesdə əsas təşəbbüskar və əlaqələndirici dövlətlərdən biri kimi çıxış edir”, – deyə Yunis Qurbanov bildirib.
Müxbir - Səbinə Əlizadə