Politoloq: Soçidə imzalanan bəyanat milli maraqlarımıza uyğundur
Bakı, 4 noyabr, AZƏRTAC
Cənubi Qafqazda təhlükəsizlik mühitinin gücləndirilməsi yönündə Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında mühüm görüş keçirildi. Soçi görüşündən əvvəl bir sıra proseslərin baş verməsinə baxmayaraq, müzakirələr nəticəsində imzalanan bəyanatda “Qarabağ” sözü yer almadı. Bu, Azərbaycan diplomatiyasının və dövlətimizin başçısının müdrik siyasətinin uğurlu nəticəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.
Politoloq qeyd edib ki, Soçidə qəbul olunan sənəddə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına dair BMT Nizamnaməsi və Alma-Ata Bəyannaməsinə istinadlar var. Daha əvvəl dördtərəfli görüş zamanı Praqada əldə olunmuş razılaşmada da, BMT Nizamnaməsi və Alma-Ata Bəyannaməsinə istinadlar var idi. Bu da onu göstərir ki, Azərbaycanın şərtləri təmin olunur. Ərazi bütövlüyü məsələsi bizim üçün çox önəmlidir. Belə ki, uzun illərdir beynəlxalq miqyasda həyata keçirilən siyasətdə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi Azərbaycanın əsas istəklərindən biridir. Dövlətimiz, eyni zamanda, qarşılıqlı olaraq ərazi bütövlüyümüzə hörməti də prinsipial olaraq tələb edir.
İlyas Hüseynov deyib ki, ikitərəfli müstəvidə keçirilmiş görüşdə Prezident İlham Əliyev və Vladimir Putin arasında olan müzakirələrdə münaqişənin bitdiyi növbəti dəfə vurğulandı. “Siyasi münasibətlər dövlətlərarası müstəvidə formalaşdırılmalıdır və sırf ikitərəfli əlaqələrin qurulması üçün bu cəhdlər vacibdir. Münaqişə artıq bitib, Qarabağda olan ermənilər Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmalı, sosial-iqtisadi proqramlar həyata keçirilməlidir. Məhz bu çıxışın həm də yekun bəyanatda öz əksini tapmasını görürük”, -deyən politoloq əlavə edib ki, Ermənistan tərəfi çox çalışsa da, istədiklərinə nail ola bilmədi və Soçidə imzalanan bəyanat bizim milli maraqlarımıza uyğundur.