Postmüharibə reallıqları: strateji üstünlüyü şərtləndirən amillər
Bakı, 25 iyun, AZƏRTAC
İyunun 23-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış oldu, hərbi hissəyə Döyüş bayrağını təqdim etdi. Müzəffər Ali Baş Komandan çıxışı zamanı çox mühüm məqamlara toxundu, istər ordu quruculuğu sahəsində görülən işlər və qarşıda duran vəzifələrdən, istərsə də postmüharibə dövründə strateji prioritetlərdən geniş bəhs edərək önəmli mesajlar verdi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov söyləyib.
Azərbaycan Prezidenti mesaj verdi ki, “Biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq”. “Bəli, 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbədən sonra ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub. Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi, Komando Qüvvələrinin yaradılması, digər xüsusi təyinatlı qüvvələrdə şəxsi heyətin say tərkibinin genişləndirilməsi, yeni silahların alınması və bu istiqamətdə bir çox kontraktların imzalanması Azərbaycan Ordusunun peşəkarlığının və qüdrətinin artmasını şərtləndirir. Dövlətimizin başçısının vurğuladığı kimi, “bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür”. Güclü ordu isə təhlükəsizliyin təmin olunması, ərazi bütövlüyünün qorunması və beynəlxalq münasibətlərdə ölkənin mövqeyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir”, - deyə S.Novruzov qeyd edib.
Komitə sədri bildirib ki, Prezident İlham Əliyev ordu quruculuğu ilə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsinin prioritet olduğunu diqqətə çatdırdı. Təbii ki, bu gün işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması, yeni infrastrukturun yaradılması həm tarixi Qələbəmizin möhkəmləndirilməsi, həm də ölkəmizin sosial-iqtisadi inkişafı baxımından böyük önəm daşıyır. Bu, sosial, iqtisadi, siyasi və strateji əhəmiyyətə malik olmaqla yanaşı, Böyük Qayıdışın ən yüksək səviyyədə təmin olunmasına vacib töhfədir.
“Dövlətimizin başçısının diqqət yetirdiyi digər mühüm məsələ Azərbaycanın bütün təxribatların qarşısını almaq əzmində və iqtidarında olmasıdır. Müzəffər Ali Baş Komandan qeyd etdi ki, “bizə qarşı edilən istənilən təxribat cavabsız qalmır, hər bir təxribata layiqli cavab verilir, istər hərbi cavab, istər siyasi cavab”. Bəli, Azərbaycan həm təxribatların qarşısını almaqla, həm də qətiyyətli mövqe sərgiləməklə bəyan edir ki, üçtərəfli Bəyanatın bütün tələbləri zamanında, tam və qeyd-şərtsiz yerinə yetirilməlidir. Bir daha sübuta yetirilir ki, Vətən müharibəsində şanlı Qələbə qazanmış Azərbaycan yeni reallıqlar yaradıb və istər məğlub Ermənistan, istərsə də onun havadarları bu reallıqları dəyişmək iqtidarında deyil.
“Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan öz müqəddəratını özü müəyyən edir və heç kimdən asılı deyil. Həqiqətən də, qalib və qüdrətli Azərbaycanın strateji seçimləri, yanaşması, iradəsi və mövqeyi bəllidir. Atdığımız addımlar milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanır, sülhə və təhlükəsizliyə xidmət edir. Ən əsası, müstəqil siyasət, praqmatik yanaşma və prinsipial mövqe Azərbaycana yeni imkanlar və uğurlar qazandırır. Tarixi Qələbəmizdən sonra yaranmış yeni geosiyasi reallıqlar Azərbaycanın region dövlətləri və iqtisadi, siyasi güc mərkəzləri ilə münasibətlərinin inkişafına güclü impuls, yeni təkan verir ki, bu da postmüharibə dövrünün strateji prioritetlərinin reallaşdırılması kontekstində xüsusi əhəmiyyət daşıyır. Bir sözlə, Prezident İlham Əliyevin uzaqgörən siyasəti uzunmüddətli hədəflərin reallaşmasını təmin edir”, - deyə Siyavuş Novruzov fikirlərini yekunlaşdırıb.