Praqada Xocalı soyqırımına həsr olunmuş “Natamam naxış” tamaşası nümayiş etdirilib
Praqa, 24 yanvar, AZƏRTAC
Çex Respublikasının paytaxtı Praqa şəhərindəki Azərbaycan Mədəniyyət Evində Xocalı soyqırımına həsr olunmuş “Natamam naxış” (“Incomplete Weave”) adlı musiqili-instalyasiya tamaşası nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, tamaşa natamam toxunmuş Qarabağ xalçası, toxuma dəzgahı, səpələnmiş məişət əşyaları, yandırılmış gündəlik və uşaq oyuncaqları üzərində qurulub. Tamaşada xocalıların üzləşdiyi dəhşətlər əks etdirilir. Həmçinin tamaşa zalında Xocalı soyqırımına dair sənədli film və “Ballada” nümayiş olunub.
Qeyd edək ki, “Natamam naxış” tamaşasını Azərbaycan diasporunun nümayəndələri, həmçinin Praqa sakinləri izləyiblər. Tamaşadan sonra Azərbaycanın Çexiyadakı səfiri Yaşar Əliyev çıxış edib.
Qeyd edək ki, üzərində natamam Qarabağ xalçası olan toxuma dəzgahı və digər xalçalar “Azərxalça”nın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil etdiyi “İki gözəlin harmoniyası: Azərbaycan xalçası və Çex xrustalı” sərgisinin eksponatlarıdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa