SİYASƏT
Prezident İlham Əliyev: Azərbaycan pandemiyanın ilk günlərindən Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdadır
![Prezident İlham Əliyev: Azərbaycan pandemiyanın ilk günlərindən Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdadır](/files/2020/2/1200x630/15886023323775828129_1200x630.jpg)
Bakı, 4 may, AZƏRTAC
Pandemiyanın ilk günlərindən biz Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq. Təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyət müraciətimiz əsasında mart ayında ölkəmizə səfər edərək vəziyyətlə tanış olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Videokonfrans vasitəsilə keçirilən Zirvə görüşündəki giriş nitqində səsləndirib.
Dövlətimizin başçısı Azərbaycana göstərdiyi dəstəyə və Zirvə görüşündə iştirakına görə doktor Tedros Adhanom Qebreyesusa təşəkkürünü bildirərək deyib: “Bu Azərbaycanın təşəbbüsü ilə keçirilən ikinci Zirvə görüşüdür. Sədri olduğumuz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının mənim təşəbbüsüm ilə aprelin 10-da COVID-19-a qarşı Zirvə görüşü keçirilmişdir. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru həmin Zirvə görüşündə də iştirak etdi və dəyərli tövsiyələrini verdi”.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının “Ümumdünya Səhiyyə Təşkilatı və onun Baş direktoruna dəstək” adlı 9 aprel tarixli bəyanatını məmnuniyyətlə xatırladıb.
“Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru tərəfindən martın 23-də mənə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Azərbaycan dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar könüllü maliyyə yardımı ayırdı”, - deyə dövlətimizin başçısı qeyd edib.