Prezident İlham Əliyev: Bu ərazilər bizim torpaqlarımızdır, Ermənistan bu əraziləri geri qaytarmalıdır
Bakı, 9 noyabr, AZƏRTAC
Mən əvvəldən demişəm ki, əgər Paşinyan şəxsən özü desə ki, Ermənistan Ağdamdan, Kəlbəcərdən, Laçından, boşaltmalı olduqları 3 qalan rayondan qoşunlarını çıxarır və bizə vaxt cədvəli versə, biz dərhal dayanarıq. Biz bu müharibəni davam etdirmək istəmirik. Biz dayanmaq istəyirik.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “BBC News”a müsahibəsində müharibənin dayandırılması barədə mövqeyini bir daha şərh edərkən söyləyib.
“Məni tanıyan insanlar bilirlər ki, mən sözümə əməl edən insanam. Mən nə deyirəmsə, onu edirəm. Əgər Paşinyan bunu bu gün desə, sizə söz verirəm ki, biz dərhal dayanarıq. Amma o, bunu etmir. O, bunu etmir. O, geri almaq istəyir. O, öz qüvvələrini yenidən qruplaşdırmaq, daha çox insan səfərbər etmək üçün bu atəşkəs imkanından istifadə etmək istəyir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Paşinyanın hərbi dəstək üçün Prezident Putinə məktub göndərdiyini xatırladan Prezident İlham Əliyev deyib: “Bununla da öz məğlubiyyətini etiraf edib. Əgər o, məğlubiyyətini etiraf edibsə, niyə demir ki, əraziləri boşaldacaq? Bu ərazilər Ermənistana məxsus deyil. Bu, bizim torpaqlarımızdır. Onlar bu əraziləri bizə geri qaytarmalıdırlar. Əgər onlar bunu etməsələr, dediyim kimi, biz sona qədər gedəcəyik. Dayanmağın yolu yoxdur”.