PREZİDENT İLHAM ƏLİYEV QARABAĞ MÜHARİBƏSİ ƏLİLİ ŞAKİR ƏLİYEVİN QONAĞI OLMUŞDUR
Martın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonu
ərazisində yeni salınmış Bənövşələr qəsəbəsində Qarabağ müharibəsi əlili Şakir Əliyevin qonağı olmuşdur.
Şakir Əliyev və ailə üzvləri dövlətimizin başçısı İlham Əliyevi və onun ailə üzvlərini böyük hörmət və ehtiramla qarşıladılar.
Əvvəllər “Ərəb-1” çadır şəhərciyində məskunlaşmış, indi isə yeni qəsəbədə rahat mənzillə təmin olunmuş Qarabağ müharibəsi əlili dövlətimizin başçısına müraciətlə dedi ki, cənab Prezident, bizə göstərdiyiniz qayğıya və diqqətə görə Sizə ürəkdən minnətdarıq. Biz düşmənə qarşı mübarizəyə hər an hazırıq və Sizə möhkəm arxayıq.
Sonra Prezident İlham Əliyev və ailə üzvləri çay süfrəsinə dəvət olundular. Səmimi söhbət zamanı işğal olunmuş torpaqlarımızın azad olunacağına inam ifadə edildi.
Dövlətimizin başçısının adından ev sahibinə hədiyyə təqdim olundu.