Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğu modeli” mövzusunda konfrans keçirilib

Bakı, 3 noyabr, AZƏRTAC

Noyabrın 3-də Gülüstan Sarayında Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qələbənin ikinci ildönümü - Zəfər Gününə həsr olunmuş “Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğu modeli” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov açılış nitqi söyləyib. Bildirib ki, artıq ikinci ildönümünü qeyd etdiyimiz Zəfər Günü çoxəsrlik tariximizin şanlı səhifəsi, xalqımızın qürur mənbəyi və Azərbaycan dövlətinin qüdrətinin ifadəsidir. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün cəbhələrdə - hərb meydanında, beynəlxalq informasiya platformasında və diplomatiya müstəvisində möhtəşəm Qələbə qazanaraq tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına müvəffəq oldu. Tahir Budaqov vurğulayıb ki, son 200 illik tariximizdə bənzəri olmayan bu Qələbənin qazanılması, mürəkkəb geosiyasi şəraitdə torpaqlarımızın işğaldan azad edilməsi milli maraqlara əsaslanan və müasir qlobal çağırışlara cavab verən məqsədyönlü siyasətin real nəticəsidir.

YAP Sədrinin müavini qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu dövrün tələblərinə uyğun olaraq keyfiyyətcə yeni müstəvidə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan addımlar Azərbaycanın milli gücünün artmasını, strateji hədəflərə və qələbəyə doğru əmin addımlarla irəliləməsini təmin edib: “Xüsusilə də, dövlətimizin başçısının tərəqqiyə və Zəfərə hədəflənən məqsədyönlü siyasəti sayəsində Azərbaycanın iqtisadi gücü artırılıb, qüdrətli və modern ordu quruculuğuna nail olunub, məharətli diplomatik addımlar nəticəsində ölkəmizin regional və beynəlxalq təsir imkanları genişlənib. Nəhayət, Azərbaycan hərbi-siyasi arenada möhtəşəm Qələbə qazanaraq BMT-nin uzun müddət kağız üzərində qalmış qətnamələrinin icrasını öz gücü ilə təmin edib. Zaman-zaman şiddətli təzyiqlərə məruz qalmasına baxmayaraq, Azərbaycan beynəlxalq aləmdə bir sıra siyasi stereotipləri dağıdıb, ikili standartlar yanaşmasını iflasa uğradaraq regionda yeni geostrateji reallıqlar yaradıb. Bu reallıqlar fonunda yeni çağırışlarla qarşı-qarşıya olan Azərbaycan hərb meydanında qazanılmış Zəfəri regional və beynəlxalq siyasət arenasında davamlı prosesə çevirmək və Qələbəni diplomatiya meydanında, quruculuq müstəvisində möhkəmləndirmək üçün mühüm addımlar atır, məqsədyönlü fəaliyyət həyata keçirir. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan postkonflikt dövrünün quruculuq modelini yaradır”.

Tahir Budaqov vurğulayıb ki, bu gün işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işləri görülür: “Yaşayış məntəqələri müasir konsepsiyalar əsasında qurulur, modern beynəlxalq hava limanları inşa edilir, nəhəng infrastruktur yaradılır və yeni tərəfdaşlıq əlaqələri formalaşdırılır. Bütün bunlar Azərbaycanın həm sosial-iqtisadi inkişafına, həm də regionda mövqelərinin möhkəmlənməsinə xidmət edir”.

YAP Mərkəzi Aparatının rəhbəri diqqətə çatdırıb ki, postkonflikt dövrünün quruculuq modelinin daha bir mühüm tərkib hissəsi dayanıqlı sülh və təhlükəsizlik siyasətidir: “Bu gün regionda sülh və etimad quruculuğunun həyata keçirilməsi xüsusi diqqət mərkəzindədir. Azərbaycanın yaratdığı reallıqlar əsasında sülh gündəliyi artıq müəyyənləşib. Sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası, sərhədlərin delimitasiyası və demarkasiyası bu strateji gündəliyin mühüm tərkib hissəsidir. Beş baza prinsipi əsasında müvafiq təkliflərini verən, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla öz üzərinə düşən öhdəlikləri tam və zamanında yerinə yetirən qalib Azərbaycan önəmli təşəbbüslər irəli sürür. Eyni zamanda, hazırda strateji prioritetlərdən və mühüm hədəflərdən biri Cənubi Qafqaz regionunda yeni işbirliyi platformasının qurulmasıdır. Xüsusilə də, Zəngəzur dəhlizinin açılması, kommunikasiya xətlərinin bərpası geniş və çoxşaxəli əməkdaşlıq imkanlarının formalaşdırılması deməkdir. Bir sözlə, postkonflikt dövründə Azərbaycanın quruculuq modeli və məqsədyönlü siyasəti regionu işbirliyi və inteqrasiya məkanına çevirir. Respublikamız Avropa ilə Asiyanın qovşağında – Cənubi Qafqazda yeni nizam və siyasi konfiqurasiya formalaşdırır. Bu isə həm bölgə xalqları və dövlətləri, həm də yeni reallıqlar fonunda tərəfdaşlıqda maraqlı olan ölkələr üçün strateji fürsət, tarixi şans, rifah, firavanlıq və inkişaf deməkdir”.

“Nəticə etibarilə, postkonflikt dövründə Azərbaycanın quruculuq konsepsiyası nümunəvi model kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. XXI əsrin müharibəsini aparmış Azərbaycanın hərb modelinin dünya miqyasında xüsusi tədqiq olunduğu kimi, postkonlifkt dövründə quruculuq təcrübəsinin də geniş öyrəniləcəyinə şübhə yoxdur.

Tariximizin bu şanlı dövründə yaşayıb yaratmaq hər bir azərbaycanlı üçün hədsiz xoşbəxtliklə bərabər həm də böyük məsuliyyətdir və hər birinizə dövlətimiz və xalqımız naminə müqəddəs amallara doğru bu çətin, lakin işıqlı yolda möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şərəflə addımlamağı arzu edirəm” ,- deyə Tahir Budaqov vurğulayıb.

Konfransda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “Postkonflikt quruculuğu modeli” mövzusunda çıxış edib. O bildirib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda regenerasiya və reinteqrasiya dövrünü yaşayır. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğunun əsas istiqamətləri müəyyənləşdirilib: “Bunlardan birincisi, Azərbaycanın hərb meydanında möhtəşəm Qələbəsinin digər, o cümlədən siyasi və diplomatik müstəvilərdə möhkəmləndirilməsidir. İkincisi, şəhid ailələri və müharibə iştirakçılarının sosial müdafiəsinin təşkilidir. Üçüncüsü, işğaldan azad edilmiş ərazilər üzrə yeni dövlət idarəetmə modelinin tətbiqi, dördüncüsü isə ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsidir. Beşinci istiqamət iqtisadi və sosial infrastrukturun yaradılması, altıncı istiqamət isə sənaye parkları, aqroparklar, vergi-gömrük güzəştləri, kreditlərin və investisiyaların sığortalanması mexanizmi və digər dövlət təşviqlərindən istifadə etməklə iqtisadiyyatın canlandırılmasıdır”.

İcraçı direktor diqqətə çatdırıb ki, yeddinci istiqamət yaşayış məntəqələrinin planlı şəkildə bərpasıdır. Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə “İşğaldan azad edilmiş ərazilərin Ümumi planı” təsdiq edilib. Bu əsasda şəhərlərin və kəndlərin bərpası plana uyğun aparılır. Artıq Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Laçın, Kəlbəcər şəhərlərinin baş planı hazırdır. Əhalinin Böyük Qayıdışı isə səkkizinci istiqaməti təşkil edir. Nəhayət, doqquzuncu istiqamət Ermənistanın işğal dövründə törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməsidir. Azərbaycana vurduğu ziyanı ödəmək Ermənistanın beynəlxalq hüquq qarşısında öhdəliyidir. Bu məsuliyyət həm maddi, həm də qeyri-maddi olmaqla müxtəlif formalara malikdir: reparasiya, restitusiya, təzminat və ya kompensasiya və satisfaksiya.

V.Qasımlı deyib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramı icra ediləcək: “İşğaldan azad olunan ərazilərdə bərpa-quruculuq işlərinə ötən müddətdə təxminən beş milyard manat vəsait xərclənib. Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyatın altı əsas istiqamət üzrə inkişafı gözlənilir: kənd təsərrüfatı, ərzaq sənayesi, dağ-mədən sənayesi, “yaşıl enerji”, nəqliyyat-logistika və turizm. Təbii-iqlim şəraiti, tarixi ənənə, coğrafi yerləşmə və demoqrafik potensiala uyğun olaraq işğaldan azad edilmiş ərazilərin əsas inkişaf drayverləri də müəyyənləşir. 100 min nəfərlik Ağdam şəhəri yüngül sənaye və xidmət mərkəzi, Araz boyunca yerləşən Füzuli, Cəbrayıl və Zəngilan rayonları nəqliyyat-logistika qovşağı və əkinçilik, Kəlbəcər və Laçın rayonları dağ-mədən sənayesi, “yaşıl enerji”, turizm, heyvandarlıq, Şuşa isə mədəniyyət paytaxtı olaraq yaradıcı sənayesi ilə bölgənin qravitasiya mərkəzlərinə çevrilir. Bizim hesablamalarımız göstərir ki, 2030-cu ilə qədər Qarabağ və Şərqi Zəngəzur bölgələri Azərbaycanın qeyri-neft sektorunun 5-10 faizi həddində iqtisadiyyata malik ola bilər. Qarabağ və Şərqi Zəngəzurda həyatın geri qayıtması Dördüncü Sənaye İnqilabı və Davamlı İnkişaf Məqsədləri ilə həmahənglik təşkil etməklə bölgəni SMART regiona çevirməyi hədəfləyir”.

Konfransda “Yeni idarəçilik modeli” mövzusunda çıxış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, Azərbaycan Ordusu 30 illik həsrətdən sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına tarixi Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad edib. Öz ərazi bütövlüyünü bərpa etməklə ölkəmiz yeni qlobal reallıqlar fonunda növbəti və daha böyük transformasiya astanasına keçid edir. Tamamilə dağıdılmış rayon və şəhərlərimiz hazırda yeni idarəçilik modeli əsasında yenidən qurulur. Bu proses bilavasitə işğaldan azad edilmiş rayonlarımızın və bütövlükdə ölkənin iqtisadi, sosial potensialının artırılmasına, eyni zamanda, idarəetmənin təkmilləşdirilməsinə istiqamətləndirilib. Onun sözlərinə görə, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilər üzrə hazırlanmış Strateji Fəaliyyət Planı əsasında bütün ərazilərin, şəhər, qəsəbə və kəndlərin bərpasının vahid konsepsiya üzrə həyata keçirilməsinə başlanılıb. Eyni zamanda, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 2021-ci il 7 iyul tarixli Fərmanla işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi əsas məqsəd olaraq qarşıya qoyulub. Azərbaycanın iqtisadi rayonlarının yeni bölgüsü Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində həyata keçirilən irimiqyaslı proqramların mərkəzləşdirilmiş və əlaqələndirilmiş şəkildə icrasına, bölgənin çevik idarəetmə, yeni məskunlaşma və şəhərsalma strategiyasına uyğun inkişafına xidmət edir.

E.Hüseynov qeyd edib ki, idarəetmə çərçivəsi “Azərbaycan 2030: milli prioritetlər”, “Strateji Fəaliyyət Planı” və “2022-2026-cı illər üçün Dövlət Proqramı” kimi strateji sənədləri rəhbər tutur. Bu sənədlər yenidənqurma və inkişaf prosesinin 4 əsas mərhələsini müəyyən edir. Onlardan birincisi, ümumi və baş planların layihələndirilməsi, ikincisi, minatəmizləmə və baza infrastrukturun yaradılması, üçüncüsü, sosial, ictimai və iqtisadi infrastrukturun tammiqyaslı yenidən qurulması və inkişafı, dördüncüsü isə keçmiş məcburi köçkünlərin Böyük Qayıdışıdır. Onun sözlərinə görə, hələlik Qarabağ İqtisadi Rayonunda Ağdam və Füzuli şəhərlərinin ümumi və baş planları hazırdır, Hadrut və Tuğ, eləcə də Suqovuşan və Talışda yekunlaşma işləri aparılır. Eyni zamanda, Azərbaycan üzləşdiyi bütün çətinliklərə baxmayaraq, digər dövlətlərin və beynəlxalq təşkilatların dəstəyi olmadan Qarabağ İqtisadi Rayonu daxilində işğaldan azad edilmiş ərazilərin 13 faizini minalardan və digər partlamamış hərbi sursatlardan təmizləyərək tam miqyasda minatəmizləmə əməliyyatlarını davam etdirir.

Xüsusi nümayəndə diqqətə çatdırıb ki, sosial infrastruktur baxımından artıq 4 məktəb layihəsi həyata keçirilir ki, onlardan da 2-si bu ilin sonuna kimi hazır olacaq. Tezliklə Ağdam və Füzulidə 2 Mərkəzi Xəstəxananın tikintisinə başlanacaq. Eləcə də Qarabağ İqtisadi Rayonunda yaşayış binalarının tikintisinə başlanılıb. “Artıq işğaldan azad edilən torpaqların sosial-iqtisadi sistemə səmərəli reinteqrasiyası təmin edilir. Bu stra¬teji məqsədin həyata keçirilməsi üçün düşməndən təmizlənən ərazilərdə mərhələli şəkildə, prioritetləşdirilməklə, səmərəlilik şərtləri nəzərə alınmaqla və müasir təcrübəyə əsaslanmaqla bərpa-quruculuq işlərinin həyata keçirilməsi, rəqəmsal texnologi¬yaların geniş tətbiqi ilə müasir sosial və biznes infrastruktu¬runun yaradılması, bu əsasda Azərbaycan vətəndaşının dayanıqlı məskunlaşmasının təmin edilməsi uğurla gerçəkləşdirilir. Yeni innovativ idarəetmə modeli çərçivəsində Qarabağda yaxın perspektivdə SMART idarəçiliyin tətbiqi həmin əraziləri Dördüncü sənaye inqilabının aparıcı qüvvəsinə çevirə bilər. Bu məqsədlə biz artıq Qarabağda ağıllı şəhərlər və kəndlər tikilməsi üçün araşdırma və planlaşdırma işlərinə başlamışıq. Ən əsas məqsəd isə əhalinin həyat səviyyəsini yüksəldəcək təhlükəsiz, səmərəli, yaşıl və texnoloji cəhətdən inkişaf etmiş şəhər və kəndlərə sahib olmaqdır”, - deyə E.Hüseynov vurğulayıb.

Tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov “İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı” mövzusunda çıxış edib. Nazir bildirib ki, işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Perspektivdə azad olunmuş torpaqların təbii-iqlim və relyef xüsusiyyətləri nəzərə alınmaqla bölgədə xüsusilə taxıl və yem bitkiləri və heyvandarlıq məhsulları istehsalı üstünlük təşkil edəcək. Bölgə üçün ənənəvi hesab edilən heyvandarlıq və taxılçılıq sektorları ilə yanaşı, meyvəçilik və tərəvəzçiliyin inkişafı potensialı da genişdir. Azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafında yeni trend kimi intensiv meyvəçilik sahələrinin, xüsusilə nar, fındıq, çəyirdəkli meyvəçiliyin inkişafı üçün perspektivlər var. Ağdam, Füzuli, Cəbrayıl rayonlarında pambıqçılığın, Ağdam və Füzuli rayonlarında tərəvəzçiliyin, Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında milli üzüm sortları əsasında üzümçülük-şərabçılıq sahələrinin inkişafı baxımından əlverişli imkanlar mövcuddur. Kəlbəcər və Laçın rayonlarının zəngin otlaq və yaylaqları heyvandarlığın və arıçılığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Həmçinin bu bölgədə heyvandarlıq sahəsinin intensiv və yarımintensiv ferma modeli əsasında da inkişafı təmin olunacaq. Bölgədə quruculuq işlərinin əsas istiqamətlərindən birini yeni logistika infrastrukturunun qurulması təşkil edir. Logistika imkanlarının genişlənməsi kənd təsərrüfatı məhsullarının ixrac bazarlarına çıxarılmasına imkanlar yaradacaq. Bütün bunlar göstərir ki, azad olunmuş ərazilərin aqrar potensialından səmərəli istifadə ölkə üzrə kənd təsərrüfatı məhsullarının istehsalını ciddi şəkildə artıracaq.

İ.Kərimov xatırladıb ki, ötən əsrin 80-ci illərində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərindəki rayonlar respublika üzrə kənd təsərrüfatı məhsulları istehsalında əhəmiyyətli paya malik idilər: “Taxıl məhsullarının təqribən 14 faizi, kartof, tərəvəz və bostan məhsullarının təqribən 6 faizi, tütünün təqribən 8 faizi, üzümün təqribən 25 faizi, ət və süd məhsullarının hər biri üzrə istehsalın təqribən 15 faizi bu bölgənin payına düşürdü. Bu rəqəmlər azad olunmuş ərazilərin kənd təsərrüfatı potensialının nə qədər yüksək olduğunu təsdiqləyir. Hazırda əkinə yararlı torpaq sahələrində kənd təsərrüfatı fəaliyyətlərinin bərpası məqsədilə intensiv işlər aparılır. 2021-2022-ci təsərrüfat ilində 50 min hektardan çox sahədə payızlıq və yazlıq əkinlər həyata keçirilib. Əkinlərin 95 faizindən çoxunu arpa və buğda əkinləri təşkil edib və becərmə işləri dəmyə şəraitində aparılıb. 2022-2023-cü il üçün intensiv şum və səpin işləri aparılır, payızlıq əkin sahəsinin əvvəlki ilə nisbətən artırılması nəzərdə tutulur. Azad olunmuş ərazilərdə mövcud bağların qorunması və yeni intensiv meyvə bağlarının salınması işinə də xüsusi diqqət yetirilir”.

Nazir deyib ki, kənd ərazisində iqlim əsaslı “ağıllı kənd təsərrüfatı” modeli tətbiq olunur: “Bu model özündə kooperativ idarəetmə sistemini, müasir texnologiyalar əsasında qurulmuş tarla, bağ və fermaları, dronlar vasitəsilə idarəetmə və nəzarəti ehtiva edir. “Ağıllı təsərrüfat”lar kəndlərdə meyvə, tərəvəz, ət və süd məhsulları istehsalını artırmağa, emal prosesini müasir tələblərə uyğun qurmağa imkan verir”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə “Postmüharibə dövründə sosial dəstək siyasəti” mövzusunda çıxış edib. Nazir bildirib ki, son illərdə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl, genişmiqyaslı islahatlar həyata keçirilib. Son 4 ildə 3 sosial islahat paketi həyata keçirilib ki, bu da 4 milyon nəfəri əhatə edib. Onun sözlərinə görə, bu müddət ərzində orta pensiya 80 faiz artıb: “Çox nadir ölkələr göstərə bilərik ki, belə böyük nailiyyətlər əldə edə bilsin. Həmçinin Prezident İlham Əliyev tərəfindən qazilərə, şəhid ailələrinə diqqətin göstərilməsi üçün tapşırıqlar verilib. 4 min ailəyə evlər, mənzillər verilib. 21 min müharibə iştirakçısı, şəhid ailəsi özünüməşğulluq tədbirləri ilə əhatə olunub. Azərbaycan dövlətinin icra etdiyi proqramların əhatə dairəsi genişdir”.

S.Babayev qeyd edib ki, işğaldan azad edilmiş torpaqların sosial-iqtisadi sistemə effektiv reinteqrasiyası təmin edilir. Həmin ərazilərdə mərhələli şəkildə, prioritetləşdirilməklə, rəqəmsal texnologiyaların geniş tətbiqi ilə müasir sosial infrastrukturunun yaradılması, dayanıqlı məskunlaşmanın təmin olunması nəzərdə tutulur. Bu baxımdan, 2022-2026-cı illərdə yeni sosial-iqtisadi inkişaf modeli ölkəmizdə çoxsahəli inkişafın yeni keyfiyyət səviyyəsini müəyyən edəcək. Eləcə də bu ərazilərdə Böyük Qayıdış məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərə qayıdan vətəndaşlarımıza pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin proaktiv təyinatı, habelə ehtiyacı olan ailələrə ünvanlı dövlət sosial yardımının təyinatı üçün lazımi tədbirlər həyata keçiriləcək.

Nazir diqqətə çatdırıb ki, gələn ilin birinci rübü ərzində Bərdə regional DOST Mərkəzinin açılışı nəzərdə tutulur. Paralel olaraq Ağdam, Füzuli, Ağcabədi və Tərtərdə DOST filiallarının istifadəyə verilməsi istiqamətində işlər aparılır. Hazırda Füzuli rayonunda yeni SMART kənd və qəsəbələrin tikinti işləri davam etdirilir və onlardan biri də Dövlətyarlı kəndidir. Orada da Smart DOST məntəqəsinin istifadəyə verilməsi nəzərdə tutulur. Şuşa filialının layihələndirmə işləri də artıq yekunlaşdırılıb. Bundan əlavə işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialı nəzərə alınmaqla vətəndaşlarımızın əmək bazarında müvafiq peşə hazırlığının təşkili məqsədilə Cəbrayıl rayonunda Peşə Hazırlığı Mərkəzinin inşası nəzərdə tutulur. Həmçinin Kəlbəcər rayonunda əlilliyi olan şəxslərin Reabilitasiya Mərkəzinin yaradılması planlaşdırılır.

Konfransda “Yaşıl enerji zonası” mövzusunda çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, postmünaqişə quruculuğu ilə bağlı dövlətimizin başçısının siyasəti imkan verir ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə uzunmüddətli sabitlik və regional iqtisadi inteqrasiyanı təmin edəcək təşəbbüs və layihələrlə Avrasiyanın strateji əhəmiyyətli nəqliyyat və logistika, həmçinin “yaşıl enerji” mərkəzinə çevrilsin. Bərpaolunan enerji sahəsinin inkişafına yalnız dekarbonizasiya, enerji balansının şaxələndirilməsi deyil, həmçinin postmünaqişə dövründə quruculuq kontekstində əhəmiyyət verilir. Azərbaycan Prezidentinin Qarabağ və Şərqi Zəngəzuru xalis sıfır emissiyalı “Yaşıl enerji zonası” elan etməsi məhz belə bir mütərəqqi inkişaf siyasətinin təzahürüdür. Belə bir inkişaf modeli Azərbaycanın təmiz ətraf mühitə malik “yaşıl artım”, “yaşıl enerji”ni istehsal və ixrac edən ölkəyə transformasiyasında azad edilmiş ərazilərin rolunu gücləndirir.

Nazir qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlərlə ölkəmizdə bərpa olunan enerjinin inkişafı geniş vüsət alır: “Bu ərazilərin bərpaolunan enerji mənbələri üzrə potensialı 10 min meqavata yaxındır. Qeyd olunan potensial əsasında 4 il ərzində ümumi gücü 780 MVt olan külək, günəş və iri su elektrik stansiyalarının inşası nəzərdə tutulur. Bu istiqamətdə hazırda BP şirkəti ilə Cəbrayılda illik təxminən 500 milyon kVt·st elektrik enerjisinin istehsalı proqnozlaşdırılan 240 MVt gücündə “Şəfəq” günəş elektrik stansiyası layihəsi üzrə işlər aparılır. Həmçinin xarici investor “Masdar” şirkəti ilə quruda və dənizdə ilkin mərhələdə 4 QVt gücündə, növbəti mərhələdə isə 6 QVt gücündə həyata keçirəcəyimiz günəş və külək enerjisi layihələrinin bir qismi məhz bu əraziləri əhatə edir. Bu bölgədə kiçik su elektrik stansiyalarının bərpası, Laçın və Kəlbəcərdə külək elektrik stansiyasının inşasına da xarici investisiyanın cəlbi başlıca prioritetlərdəndir”.

P.Şahbazov diqqətə çatdırıb ki, iki ilə yaxın müddətdə 11 kiçik su elektrik stansiyasının bərpası enerji sisteminə 54 meqavata yaxın istehsal gücü qazandırır. Hazırda ümumi gücü 320 MVt-dan artıq 50-dən çox kiçik su elektrik stansiyasının bərpa və inşası üçün araşdırmalar aparılır. Ümumi gücü 33,4 MVt olan 7 kiçik su elektrik stansiyasının bərpa-tikintisi həyata keçirilir. Bunlardan əlavə, yaxın illərdə Araz çayı üzərində 140 MVt gücündə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının istismara verilməsi də regionun “yaşıl” inkişafına öz töhfəsini verəcəkdir. “Bu güclərin yaradılması azad edilmiş əraziləri “yaşıl enerji”nin istehsal və istehlakı ilə bərabər ixracının da mənbə və marşrutuna çevirir. Hazırda “yaşıl enerji”nin ənənəvi bazarlarla bərabər Avropaya ixracı üçün nəzərdən keçirilən üç xətdən biri - Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi bu yeni reallığın perspektivlərindəndir. Postmünaqişə mərhələsində tarixi və geostrateji əhəmiyyətli Zəngəzur dəhlizinin yaradılması Asiyanı Avropa ilə təkcə nəqliyyat deyil, enerji vasitəsilə də birləşdirmək imkanlarına malikdir”, - deyə nazirin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurun xalis sıfır emissiyalı “yaşıl enerji” zonası kimi qurulması 2050-ci ilə qədər karbon emissiyalarının 40 faiz azaldılması hədəfimizə doğru aparan yolun əhəmiyyətli hissəsidir.

Konfransda “Postmüharibə dövründə informasiya siyasəti” mövzusunda çıxış edən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov bildirib ki, postmüharibə mediası milli məsələlərdə prinsipiallıq nümayiş etdirməli və dövlətçilik maraqlarını daim uca tutmalı, saxta və yalan məlumatlara söykənən qlobal kampaniyalarla effektiv mübarizə aparmalıdır. Eyni zamanda, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətin tərəqqisi naminə yorulmadan çalışmalıdır. “Prezident İlham Əliyevin istər müharibə, istərsə də postmüharibə dövründə yürütdüyü dəqiq informasiya siyasəti, dövlətimizin başçısının əsasını qoyduğu hücum diplomatiyasının ideoloji – təbliğat metodikası bu gün hər bir media orqanı, hər bir jurnalist üçün başlıca fəaliyyət konsepsiyası sayıla bilər”, - deyən R.Məmmədov fikrini konkret nümunələrlə əsaslandırıb. Birinci nümunə Prezident İlham Əliyevin 44 günlük müharibə ərzində xarici media orqanlarına 30-dan çox müsahibə verməsidir. Bu müsahibələr nəticəsində qardaş Türkiyəni nəzərə almasaq, qlobal informasiya arenasında tək mübarizə aparan Azərbaycan bu savaşın işğal, təcavüz deyil, məhz ədalətli müharibə olduğunu bütün dünyaya sübut etdi.

Onun sözlərinə görə, ikinci nümunə Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə müntəzəm səfərləri və beynəlxalq tədbirlərdə aktiv iştirakıdır. Prezident işğaldan azad olunmuş regionlara səfər etməklə dünyanın diqqətini növbəti dəfə Qarabağa və 30 illik erməni işğalının real izlərinə, erməni vandallığına yönəldir. Eləcə də Qarabağda aparılan genişmiqyaslı bərpa - yenidənqurma işlərini daim diqqətdə saxlamaqla Böyük Qayıdışın ən qısa zamanda reallaşması istiqamətində prinsipial addımlar atır və bu prinsipiallığı da bütün dünyaya nümayiş etdirir. Həmçinin konkret olaraq Avropa Şurası, ATƏT, UNESCO-nun və digər beynəlxalq təşkilatların 30 illik işğal dövründə yürütdüyü qeyri–obyektiv və ikili standartlar siyasəti konkret faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırır, işğal edənlə işğala məruz qalan arasında fərqi ortaya qoyur.

R.Məmmədovun sözlərinə görə, üçüncü nümunə Prezident İlham Əliyevin daim vətəndaşlarla görüşməsi, vətəndaşı maraqlandıran suallara yerindəcə, ətraflı cavab verməsi və həmin görüşlərdə yalnız daxili siyasətə deyil, həm də Azərbaycanın yürütdüyü regional və qlobal siyasətin ən mühüm detallarına toxunması, şərh etməsi, o cümlədən yerli kütləvi informasiya vasitələrinə müsahibə verməsidir. Onun fikrincə, atılan bu addımlar postmüharibə mediasının qarşısında duran strateji vəzifələrə aydınlıq gətirməklə yanaşı, yeni dövrün əsas mövzularına, jurnalistlərin diqqət yetirməli olduğu başlıca tematik istiqamətlərə işıq salır: “Bunlar 44 günlük Vətən müharibəsinin geosiyasi əhəmiyyətinin, Qarabağın reinteqrasiyasının və azad Qarabağın yalnız siyasi, sosial və ya hərbi deyil, həmçinin iqtisadi önəminin, qədim Azərbaycan torpaqları, o cümlədən Şərqi Zəngəzur reallığının tarixi aspektlərinin dünyaya çatdırılmasıdır. Bu da xüsusi qeyd edilməlidir ki, yalnız güclü dövlətin və güclü xalqın güclü mediası ola bilər. Müasir Azərbaycan isə Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, tarixinin ən uğurlu və ən güclü dövrünü yaşayır. Deməli, müasir Azərbaycan mediası da bu reallıqla ayaqlaşmalı, postmüharibə dövrünün tələbələrinə adekvat addımlar atmalı və informasiya siyasətində üzərinə düşən strateji vəzifələrin (milli məsələlərdə prinsipiallıq, dezinformasiya ilə effektiv mübarizə və vətəndaşların düzgün məlumat əldə etmək hüquqlarının qorunması) praktik həllinə çalışmalıdır”.

Konfransın yekununda çıxış edən Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP Sədrinin müavini Əli Əhmədov bildirib ki, 30 il ərzində xalqımız işğal faktı ilə razılaşmadı, güc topladı və öz torpaqlarını işğaldan azad etdi. Hər bir dövlətin əsas missiyalarından biri öz təhlükəsizliyini təmin etməkdir və Azərbaycan dövləti də bunu etdi. Onun sözlərinə görə, Qələbənin təmin olunmasının mühüm amillərindən biri də güclü Azərbaycan Ordusu, qəhrəman hərbçilərimizdir: “Güclü ordumuz olmasaydı, öz torpaqlarımızı işğaldan azad edə bilməzdik. 30 il əvvəl Azərbaycan zəif olduğuna görə torpaqlarımız işğal olunmuşdusa, dövlətimizin qüdrəti, ordumuzun döyüş qabiliyyəti sayəsində torpaqlarımız azad edildi. Qələbəmizin həlledici amili isə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Dövlət, xalq və ordu o zaman güclü olur ki, ona güclü lider rəhbərlik edir. Bu mənada, Azərbaycan xalqının böyük coşqu ilə qeyd etdiyi Qələbəmizin baş qəhrəmanı Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevdir. Biz hərb və diplomatiya cəbhəsində İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini gördük. Xalqımızın, dövlətimizin birliyi, dövlətimizin başçısına inamı Qələbə ilə nəticələndi. Məhz bunun nəticəsidir ki, Ermənistan tərəfindən 30 il işğal altında saxlanılan torpaqlarımızı 44 gün ərzində azad etdik. Eyni zamanda, bu şanlı Qələbədən sonra Azərbaycan tarixinin yeni mərhələsi başlayıb. Azərbaycan xalqı dünyada özünün dəyanəti, əyilməzliyi və ordusunun gücü ilə də tanınıb”.

YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan vətəndaşları bu günü gələcəkdə daha da inkişaf edəcək Azərbaycanın etibarlı bünövrəsi hesab edirlər: “Qazandığımız möhtəşəm Zəfər həm siyasi, həm geosiyasi, həm də təhlükəsizlik məzmununa malikdir. Bu baxımdan, əldə etdiyimiz hər bir nailiyyət mahiyyət etibarilə gələcək uğurların bünövrəsi rolunu oynayır. Möhtəşəm Zəfərimizi son onilliklər ərzində yaşadığımız nailiyyətlərin, uğurların məntiqi və alternativsiz nəticəsi hesab etmək olar”.

Ə.Əhmədov deyib ki, Vətən müharibəsində qazanılan Zəfərlə Azərbaycan qalib dövlət, Azərbaycan xalqı isə qəhrəman xalq kimi yeni statusa sahib oldu: “Bu da Azərbaycanın yeni nailiyyətlər əldə etməsi üçün baza yaradır. Azərbaycan işğal altındakı torpaqlarını öz gücü hesabına geri qaytarmaqla qüdrətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Qarabağı yenidən qurmaqla dünyaya yeni bir nümunə göstərəcək. Azərbaycan indi dünyaya yeni bir mənzərəni təqdim etməyə hazırlaşır. Qarabağ dünyanın yeni mənzərədə ortaya çıxan reallığı olacaq ki, burada insan üçün ən layiqli şərait yaradılacaq. Bütün bunların hamısı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən siyasətin Azərbaycan xalqına gətirdiyi böyük uğurlardır. Bu uğurların nəticəsi olaraq Ulu Öndərimizin dediyi kimi, Azərbaycan daim dünyaya günəş kimi doğacaq”.

Qeyd edək ki, konfransda “Yeni Qarabağnamə” kitabının videotəqdimatı keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Turşsu kəndində illər sonra çərşənbə tonqalı qalanıb

“Fənərbağça” Türkiyə Kubokunda mübarizəni dayandırıb

Norveç Kralı Malayziyada xəstəxanaya yerləşdirilib

Azərbaycanda “İdman həftəsi”nə start veriləcək

Laçınlılar 32 ildən sonra ilk dəfə Su çərşənbəsini öz doğma evlərində qeyd edirlər

Strasburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

İtaliyanın Sardiniya adasında yerli seçkilərdə müxalifətin namizədi qalib gəlib

Azərbaycan Milli İncəsənət Muzeyində sərgi - “Salam, Novruz!"

Xocalı soyqırımına dözməyərək dünyasını dəyişən generalın xatirəsi anılıb

Yüksək Liqa: “Milli Aviasiya Akademiyası” UNEC-i məğlub edib

“İçərişəhər” Qoruq İdarəsinin nümayəndə heyəti Pakistanda səfərdə olub

Bakıda ukraynalı şairə Lesya Ukrainkanın xatirəsi yad edilib

Azərbaycan Kuboku: “Xırdalan” “Cəlilabad”a qalib gəlib

Şərur şəhərində Vergi Ödəyicilərinə Xidmət Mərkəzi istifadəyə verilib

Ümumdünya Antidopinq Agentliyinin simpoziumunda ölkəmiz də təmsil olunub

Latviyada Xocalı qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti keçirilib

Fauzən Əl Rabiə: Səudiyyə Ərəbistanı Krallığı hər zaman Azərbaycan dövlətinin yanında olub

Bakıda yaşayış binasında yanğın baş verib

Xocalı soyqırımının 32-ci ildönümü Vaşinqtonda anılıb

Müzəffər Ali Baş Komandan Xocalıdan Ermənistana və ona havadarlıq edənlərə bir daha mesajlarını çatdırdı - RƏY

Naxçıvanda doğum günü fevral ayında olan şəhidlərin xatirəsi anılıb

COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Keniya gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb

Xocalı soyqırımı qurbanları Monreal şəhərində də yad edilib

Milli Məclisin Səhiyyə komitəsinin iclasında bir sıra qanunlara təklif edilən dəyişikliklər müzakirə olunub

Abşeronda şəhidlərin doğum günlərinə həsr olunmuş görüş keçirilib

Ukraynanın Lvov şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

® “Kapital Bank”ın dəstəyi ilə Respublika Fənn Olimpiadası keçirilir

Rektor yaz semestrinin başlanması münasibətilə tələbələrlə görüşüb

Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15.380 nəfərə çatıb

Azərbaycan atıcıları Avropa çempionatında daha bir medal qazanıblar

Xalqın ümidlərini reallaşdıran peşəkar yanaşma və effektiv strategiya

Bakı Ali Neft Məktəbi İstanbulda beynəlxalq təhsil sərgisində təmsil olunub

Koto Rober: Müstəmləkə dövlətinin zülmündən, boyunduruğundan qurtulmaq istəyirik VİDEO

Akademik Akif Əlizadənin 90 illik yubileyi qeyd edilib

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin vəzifə (tarif) maaşlarının məbləğlərinin müəyyən edilməsi haqqında” 2018-ci il 12 aprel tarixli 146-9 nömrəli və “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan işçilərinin vəzifə maaşlarına xüsusi rütbəyə görə əlavə haqqın məbləği”nin təsdiq edilməsi haqqında” 2010-cu il 4 iyun tarixli 106-6 nömrəli qərarlarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 sentyabr tarixli 403 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Alimlər kiçik balıqların daha yüksək səs çıxardığını aşkarlayıb

Azərbaycanın xarici işlər naziri Almaniyaya işgüzar səfərə yola düşüb

“Azərişiq” ASC-nin sədri Masallıda vətəndaşların müraciətlərini dinləyib

Ukraynanı təmsil edən azərbaycanlı güləşçi: Qazandığım ilk medal uşaqlığımın ən xoş xatirəsidir

Niderlandın Kralı Villem-Aleksandrdan

YAP Təftiş Komissiyasının iclası keçirilib

Mingəçevirdə su çərşənbəsi bayram ab-havasında qeyd edilib

Ordubadda Vergi Ödəyicilərinə Xidmət Mərkəzi istifadəyə verilib

Romada Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir təşkil olunub

Dövlət Komitəsində vətəndaşlarla görüş olub

Biləsuvarda tullantı sularının təmizlənməsi üçün məntəqə istismara tam hazırdır

Azərbaycanın ətraf mühit problemlərinin qarşısının alınmasına yaşıl enerjinin tətbiqi kimi tədbirlərlə xidmət göstərməsi təqdirəlayiqdir

İranlı narkotacirlə sosial şəbəkələrdə əlaqə yaradan daha bir narkokuryer Yasamal rayonunda saxlanılıb

Azərbaycan Kuboku: “Xəzri” “Sumqayıt”a qalib gəlib

Ramil Məhərrəmov: Gələcəkdə Azərbaycan və Türk dünyasına İnvestisiya Fondu yaratmaq istəyirəm – MÜSAHİBƏ

“Alibaba Qrup”un nümayəndə heyəti “ASAN xidmət”də

Səudiyyəli nazir: Azərbaycanlıların Ümrə ziyarətini asanlaşdırmaq üçün bir il müddətinə çoxdəfəlik E-Viza istifadəyə verilib VİDEO

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşiddən

Azərbaycan səfirliyi Əlcəzairdə mina təhlükəsizliyinə dair konfrans keçirib

Tacikistan nümayəndə heyəti DOST Mərkəzində olub

Su çərşənbəsində meşə fondu torpaqlarında 55 mindən çox ağac əkilib

Qax Peşə Liseyinin şagirdləri narkomaniyanın yaratdığı fəsadlar barədə maarifləndirilib

ASELSAN rəhbəri: Türkiyənin vahid hava hücumundan müdafiə qalxanının yaradılması 2024-cü ildə başa çatacaq

Rusiyalı ekspertlər Paşinyanın “France 24” teleşirkətinə sonuncu bəyanatını şərh ediblər

“Maarifçi” tələbə-məzun təcrübə proqramının müsahibə mərhələsi başlanıb

Azərbaycan və Türkiyə nümayəndə heyəti “Sədərək” gömrük postunda görüşüb

Baybakov Fondunun prezidenti, Rusiya Federasiyası Hökuməti sədrinin sabiq müavini Valeri Serovdan

AzMİU tələbələri Gürcüstanda fitnes mərkəzinin interyer dizayn işlərini icra edəcəklər

Təbriz qəzetində Xocalı soyqırımı haqqında məqalə dərc edilib

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinin martda keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Dahi şəxsiyyət Heydər Əliyev irsinin öyrənilməsi layihəsinin icrası davam edir

QMİ sədri Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə naziri ilə görüşüb

AZAL Tivat şəhərinə bilet satışına start verib

“Caspian Energy Club Kyrgyzstan” ilk B2G forum təşkil edib

Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb

Danimarkalı arxeoloqlar iki min illik tarixi olan bıçaq tapıblar

Xocalı sakini: Atamın nəinki məzarı, heç şəkli də yoxdur

XİN Ermənistanın Sumqayıt hadisələri ilə bağlı bəyanatına münasibət bildirib VİDEO

NASA kiçik peyklərdə elastik günəş panellərindən istifadə edəcək

MEK nümayəndə heyəti Ankarada keçirilən vikiseminarda öz təcrübəsini bölüşüb

Layihə rəhbəri: “Zəfərin kölgəsi” layihəsi çərçivəsində Qəbələ və Balakəndə də sərgilər təşkil etməyi düşünürük

“Qəbələ”nin kapitanı: İnanıram ki, Elmar Baxşıyev geriyə baxanda harada səhv etdiyini görəcək - MÜSAHİBƏ

Rəsədxana əməkdaşı Çexiyada elmi tədqiqat aparır

Qida Təhlükəsizliyi Agentliyinin sədri Sumqayıtda vətəndaşları qəbul edəcək

Tacikistanla əmək və məşğulluq sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Moskva Dağ Yəhudiləri İcmasının sədri Arif Rəhimovdan

SOCAR və BP rəhbərliyi enerji keçidini müzakirə ediblər

Naxçıvanda “Media Ordubadda” layihəsinə başlanılıb

"Alibaba Group" Azərbaycan bazarının tələbatını təhlil etməyi planlaşdırır

Vüqar Mustafayev Tacikistanın ölkəmizdəki səfiri ilə görüşüb

Səfir: “Bir millət, iki dövlət” kimi məqsədimiz Xocalı soyqırımının unudulmamasıdır

® Ölkədə ilk keşbek və depozit gəlirli premium biznes kart!

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi paytaxt və bölgələrdə silahlı şəxslərə qarşı əməliyyatlar keçirib VİDEO

İspaniyada enerji və ərzaq yoxsulluğu ən yüksək həddə çatıb

Olaf Şolts: Aİ ölkələri və NATO Ukraynaya qoşun göndərməyəcək

Məktəbəqədər və peşə təhsili müəssisələri Azərbaycan Təhsil Şəbəkəsinə qoşulub

Pirallahıda küçə əsaslı təmir edilib

Doktorantura və rezidenturaya qəbul imtahanlarının tarixlərində dəyişiklik edilib

İlhan Aşkın: Xocalı soyqırımının Niderland parlamentində tanınmasını istəyirik

Banqladeş subsidiya yükünü azaltmaq üçün elektrikin qiymətini qaldıracaq

AZPROMO ilə "Alibaba.com" arasında anlaşma memorandumu imzalanıb

“Qarabağ”ın qapıçısının agenti: Lunyovun gəlişi ilə klub özünü matçlarda daha inamlı hiss edir

Azərbaycanın müdafiə naziri Türkiyənin milli müdafiə nazirinin müavini ilə görüşüb VİDEO

FHN-in helikopterləri vasitəsilə vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb VİDEO

Yeni səhvlər və təxribatlar Ermənistan üçün yeni fəlakət deməkdir – AÇIQLAMA