SİYASƏT
Prezidenti İlham Əliyev: Danışıqlar birtərəfli qaydada aparıla bilməz VİDEO
Bakı, 3 oktyabr, AZƏRTAC
Əslində, danışıqlar dayanıb. Çünki Paşinyanın “Qarabağ Ermənistandır” ifadəsindən sonra mən danışıqlar üçün heç bir imkanın olmadığını dedim.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində “Siz Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar masasına getməyi qəbul edərdinizmi” sualına cavabında səsləndirib.
“Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin yeni olduğunu, ola bilsin emosiyalarına və sözlərinə tam hakim ola bilmədiyi üçün məndən xahiş edərək deyirdilər ki, Azərbaycan daha çox anlayış göstərsin. Mən dedim ki, yaxşı, gəlin cəhd edək. Biz sülh yolunu tapmaq istəyirik, ona görə də biz uzun illərdir ki, gözləyirdik və bu yayındırıcı yanaşma olmasaydı, yəqin danışıqlar davam edəcəkdi. Bu bəyanatdan sonra mənim Ermənistanın baş naziri ilə görüşüm oldu. Lakin görüşlər tamamilə mənasız idi, rəsmi xarakter daşıyırdı. O, mənə əraziləri geri qaytarmayacaqlarını deyirdi. Əgər onlar bunu etmək istəmirlərsə, əgər onlar neçə illər ərzində Minsk qrupu tərəfindən hazırlanmış prinsiplərə qarşı çıxırlarsa və danışıqları məhv edirlərsə, bundan sonra nədən danışmaq olar ki? Danışıqlar birtərəfli qaydada aparıla bilməz. Bizim tərəfdaşımız olmalıdır. Lakin Ermənistanın simasında bizim hələ danışıqlarda tərəfdaşımız yoxdur”, - deyə dövlətimizin başçısı vurğulayıb.