PREZİDENTİN SAHİBKARLARLA GÖRÜŞÜNÜN YEKUNLARI MÜZAKİRƏ OLUNMUŞDUR
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, nazir Fazil Məmmədov vergi xidmətinin bütün sahələrinin, xüsusilə də yoxlama-nəzarət funksiyalarını həyata keçirən struktur bölmələrinin fəaliyyətinin bir daha dərindən təhlil edilməsinin vacibliyini vurğulayaraq, vergi ödəyicilərinə xidmət sahəsində çatışmazlıqların aradan qaldırılması, yoxlama-nəzarət prosesinin təkmilləşdirilməsi üçün ciddi tədbirlər görülməsinin zəruriliyini bildirmişdir.
Nazir səyyar vergi yoxlamalarının təyin edilməsi və keçirilməsi prosesinin daha da təkmilləşdirilməsi, audit yoxlaması aparan vergi xidməti əməkdaşlarının iş fəaliyyətinin qiymətləndirilməsi meyarlarına yenidən baxılması üçün struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Müşavirədə xüsusi vurğulanmışdır ki, sahibkar subyektlərinin fəaliyyətinin dayanmasına səbəb ola biləcək hər hansı süründürməçilik hallarının qarşısı qəti şəkildə alınmalı, vergi ödəyicilərinin vergi xidməti əməkdaşlarının qeyri-qanuni hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı şikayətləri dərhal araşdırılmalıdır.
Müşavirədə Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün qısa müddətdə tədbirlər planının hazırlanması və bu planın tərkib hissəsi kimi, yaxın günlərdə Vergilər Nazirliyi rəhbərliyinin sahibkarlıq subyektlərinin nümayəndələri ilə geniş işgüzar görüşün keçirilməsi barədə də tapşırıqlar verilmişdir.