PREZİDENTİN SƏRƏNCAMLARI MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZƏ BÖYÜK QAYĞIDIR
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən toplantıda bildirilmişdir ki, müstəqillik qazandıqdan sonra ölkəmizdə ümummilli liderimiz Heydər Əliyev ana dilinə, onun inkişafına xüsusi diqqət göstərmişdir. Son illər orta və ali məktəblər üçün milli dərsliklərin latın qrafikası ilə nəşri bu diqqətin təzahürüdür.
Natiqlər Azərbaycan tarixində bilik və məlumatların toplusu kimi nəşr olunan və vaxtilə bütün vətəndaşlarımızın stolüstü kitabı hesab edilən “Azərbaycan Sovet Ensiklopediyası”nın böyük bir dövr üçün əhəmiyyətli mənbə olduğunu qeyd etmiş, xalqımızın müstəqillik dövründə baş vermiş ictimai-siyasi, tarixi-elmi və mədəni hadisələri obyektiv şəkildə özündə əks etdirən yeni ensiklopediyanın yaradılmasına da böyük ehtiyac duyulduğunu vurğulamışlar. Söylənilmişdir ki, çap olunması nəzərdə tutulan əsərlər kitabxanalarda xüsusi fonda daxil ediləcək, hamı bu mənəvi sərvətdən layiqincə qidalana biləcəkdir.