Professor: Beynəlxalq təşkilatlar vaxtilə işğalçı Ermənistana heç bir təzyiq göstərməyib
Bakı, 19 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışının əhəmiyyətli hissəsini Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamasına həsr etməsi təsadüfi deyil. Müharibə və münaqişələrin coğrafiyasının genişlənməsi bir daha sübut edir ki, hələ də dünyada ikili standartlar hökm sürür, ədalət prinsipləri pozulur, böyük güclər beynəlxalq hüququn normalarını gözdən salırlar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva söyləyib.
O bildirib ki, Ermənistan dövləti Azərbaycana qarşı daim təcavüzkar siyasət həyata keçirib. Ermənistanın keçmiş prezidentləri Azərbaycan torpaqlarının işğal edilməsində, şəhər və kəndlərimizin viran qoyulmasında, dinc sakinlərin, qadınların, uşaqların və qocaların qətlə yetirilməsində birbaşa təşkilatçı və iştirakçı olublar. Qarabağda azərbaycanlı qadın və uşaqları vəhşicəsinə qətlə yetirən, sonradan isə Ermənistan prezidenti olan Serj Sarkisyan Xocalı soyqırımında iştirakını etiraf edib. Məhz dünyada beynəlxalq hüququn işləməməsi səbəbindən uşaq qatilləri olan Ermənistanın keçmiş prezidentləri hələ də ədalət mühakiməsinə cəlb olunmayıblar.
“Bunu da unutmaq olmaz ki, 2018-ci ildən Ermənistan hökumətinə rəhbərlik edən hazırkı Baş nazir Nikol Paşinyan da öz sələflərinin yolu ilə getməyi düşünürdü. Xankənidəki mitinqdə “Qarabağ Ermənistandır” deyən N.Paşinyan beynəlxalq hüququ heçə sayırdı. Avropa Şurası, Avropa Parlamenti və bir sıra beynəlxalq təşkilatlar Ermənistanın bu təcavüzünə göz yumurdular.
Prezident İlham Əliyev dəfələrlə bütün beynəlxalq təşkilatların tribunalarından, xüsusən də münaqişənin həllini öz üzərinə götürən ATƏT-in Minsk qrupunun qanunsuz fəaliyyətləri barədə dünya ictimaiyyətinə xəbərdarlıq edirdi. Beynəlxalq təşkilatlar vaxtilə işğalçılıq siyasəti həyata keçirən Ermənistana qarşı bir dəfə də olsun heç bir təzyiq göstərməyiblər. Əksinə işğala məruz qalan Azərbaycanı bu işğalla barışmağa çağırırdılar. Dövlətimizin başçısı bütün beynəlxalq təşkilatların tədbirlərində Azərbaycanın bu işğalla barışmayacağını və nəyin bahasına olursa-olsun torpaqlarımızı işğaldan azad edəcəyimizi bildirirdi.
Necə ki, elə də oldu. 44 gün ərzində Ermənistan ordusu darmadağın edilərək torpaqlarımızın böyük hissəsi işğaldan azad olundu. 2023-cü ildə isə antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini tam bərpa etdi”, - deyə K.Əliyeva vurğulayıb.
Professor əlavə edib ki, vaxtilə Azərbaycanın torpaqlarını işğal edəcəklərini söyləyən, Ermənistan tanklarının Bakıda olacağını bəyan edən separatçılar və azərbaycanlıları qətlə yetirən hərbi cinayətkarların bəziləri Bakı təcridxanasında layiq olduqları cəzanı çəkirlər. Həbsdə olan şəxslər insanlığa qarşı ən qəddar cinayətlər törədiblər. Prezident İlham Əliyevin çıxışında da qeyd etdiyi kimi, onların məhkəmə prosesi mahiyyətinə və formasına görə Nürnberq tribunalının analoqu idi. Ermənilərin törətdikləri bu cür vəhşiliklərə rəğmən, Azərbaycan Ordusu dinc erməni sakinlərinə bir güllə belə atmadı. Bu, Azərbaycan xalqının böyüklüyünün və yüksək mənəviyyata malik olmasının nümunəsidir.