ELM VƏ TƏHSİL
Professor: İnşaat sektoru üzrə tədqiqatların aparılması üçün sınaq poliqonunun yaradılması vacibdir
Bakı, 4 dekabr, AZƏRTAC
İnşaat elmi əsasən eksperimental tədqiqatlara söykənir. Təhsil müəssisələrinin laboratoriya bazasının genişləndirilməsi və modernləşdirilməsi bu baxımdan əsas məsələlərdən biridir. Hesab edirəm ki, respublikada inşaat sektoru üzrə eksperimental tədqiqatların aparılması üçün müvafiq infrastrukturun, xüsusən də çoxfunksiyalı eksperimental sınaq poliqonunun yaradılması vacibdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat konstruksiyaları kafedrasının müdiri professor Müxlis Hacıyev bildirib. Onun sözlərinə görə, belə bir poliqonun qurulması təkcə universitetlərin deyil, həm də respublikanın inşaat sahəsində fəaliyyət göstərən iri müəssisələrinin və Fövqəladə Hallar Nazirliyi kimi təşkilatların birgə əməkdaşlığı ilə mümkün ola bilər. Bu təşəbbüs mühüm praktiki əhəmiyyətə malik məsələlərin həllinə, eləcə də inşaat konstruksiyaları sahəsində elmi nailiyyətlərin artırılmasına töhfə verərdi. Buna görə də belə bir poliqonun yaradılması inşaat təhsili və sektoru üçün strateji əhəmiyyət kəsb edir.
“Müasir inşaat təhsili və inşaat sektoru ilə bağlı mövcud problemləri və perspektivləri nəzərdən keçirərkən vurğulamaq lazımdır ki, təhsil çox mürəkkəb texnoloji prosesdir. Burada qarşıya çıxan problemlərin qısa müddətdə tam həlli mümkün deyil və bu çətinliklər yalnız inşaat təhsili ilə məhdudlaşmır. Hazırda ölkəmizdə inşaat mühəndisliyi ixtisası üzrə kadr hazırlığı ilə məşğul olan bir neçə ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bununla belə, Azərbaycan Memarlıq və İnşaat Universiteti həm maddi-texniki baza, həm də kadr potensialı baxımından bu sahədə ən yüksək səviyyədədir. Regionda bu sahədə ixtisaslaşmış yeganə ali təhsil müəssisəsi olaraq universitetin xüsusi statusu ilə izah olunur. İnşaat mühəndisliyi ixtisası üzrə kadr hazırlığının keyfiyyətinin beynəlxalq səviyyədə təsdiqlənməsi də bu faktı təsdiqləyir”, - deyə professor əlavə edib.