QAÇAQMALÇILIĞA QARŞI MÜBARİZƏ GÜCLƏNDİRİLİR
Dövlət Sərhəd Xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Astara” sərhəd nəzarəti məntəqəsində Azərbaycana gələn İran vətəndaşı Kiya Oruciandan 191 qram narkotik maddə aşkar olunaraq götürülmüşdür.
Ölkəmizin Gürcüstan ilə sərhədində ötən bir ay ərzində qanunsuz aparılan 6,7 ton dizel yanacağı, 379 kiloqram qara kürü, 1670 kiloqram balıq, 327 litr spirt tutulmuşdur. Həmin faktlarla əlaqədar 20 nəfər Azərbaycan və 14 nəfər Gürcüstan vətəndaşı saxlanılaraq, hüquq mühafizə orqanlarına təhvil verilmişdir.
Bu dövr ərzində respublikamızın ərazisindən qeyri-qanuni miqrasiya məqsədi ilə istifadə cəhdlərinin də qarşısı alınmışdır. Belə ki, Kabil-Bakı aviareysi ilə saxta sənədlərlə Azərbaycandan Çin Xalq Respublikasına getmək istəyən 4 nəfər İran vətəndaşı saxlanılmışdır.
Sərhədçilərimiz Saxta və başqasına məxsus sənədlərdən istifadə edən 25 yerli və xarici vətəndaşı saxlayaraq əlaqədar orqanlara təhvil verilmişdir.
Ölkəmizin dəniz sərhədlərində də qanun pozuntuları ilə bağlı bir sıra faktlar aşkarlanmışdır. Həmin dövr ərzində respublikamızın sərhəd sularında rejim qaydalarını pozduqlarına görə Rusiya Federasiyasına məxsus “Tülen-6” və “Qunib” gəmiləri saxlanılmışdır. Faktlarla bağlı respublika prokurorluğu tərəfindən araşdırmalar aparılmış, müvafiq tədbirlər görüldükdən sonra onlar ölkə hüdudlarından kənarlaşdırılmışdır.
Yanvar ayında 14 nəfər sərhəd pozucusu saxlanılmış, axtarışda olan 13 nəfər şəxs müəyyən edilərək yaxalanmışdır.