QADINLARA QARŞI AYRI-SEÇKİLİYİN LƏĞV EDİLMƏSİ İLƏ BAĞLI NÖVBƏTİ HESABAT HAZIRLANIR
AZƏRTAC xəbər verir ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin (CEDAW) üzvü və eksperti Navamanee Ratna Patten Azərbaycanda səfərdədir. Aprelin 14-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) N.R.Patten ilə görüş keçirilmişdir. Görüşdə BMT-nin CEDAW Komitəsinə təqdim olunacaq növbəti hesabatın hazırlanması ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Komitənin sədri Hicran Hüseynova AQUPDK-nın respublikamızda dövlət siyasətinin həyata keçirilməsi sahəsində fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. O, BMT-nin Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasının əhəmiyyətini vurğulamış, bu istiqamətdə BMT-nin müvafiq qurumlari ilə əməkdaşlıq edildiyini bildirmişdir. H.Hüseynova növbəti hesabatın hazırlanmasında beynəlxalq təcrübəyə ehtiyac olduğunu qeyd etmişdir.
N.Patten BMT-nin sözügedən konvensiyasının hökumət səviyyəsində genuş təşviq edilməsinin vacibliyini vurğulamışdır. Qonaq gender məsələlərinə məsul şəxslər və qadın QHT-lərin nümayəndələrinin təlimləndirilməsində iştirak edəcəyini bildirmiş, AQUPDK-nın bu istiqamətdə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirmişdir.
Görüşdə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin əldə etdiyi nailiyyətlərdən danışılmış, gələcəkdə bu qurumun Azərbaycan qadınları ilə əməkdaşlığının davam etdiriləcəyi bildirılmişdir.
