“Qafqazşünaslıq” elmi-nəzəri jurnalının növbəti nömrəsi nəşr olunub
Bakı, 7 sentyabr, AZƏRTAC
AMEA-nın Qafqazşünaslıq İnstitutunun Azərbaycan, rus və ingilis dillərində nəşr edilən “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının növbəti nömrəsi çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu nömrədə Azərbaycan və Türkiyədən 12 alim və tədqiqatçının məqaləsi dərc edilib. Jurnalda tarix elmləri doktoru, professor Qasım Hacıyev və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Vahid Ömərovun “Heydər Əliyev və Qafqaz ölkələri liderləri: əməkdaşlıq təcrübəsi”, Lalə Talıbovanın “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar”, Kəmalə Xudaverdiyevanın “Ermənistanda milli azlıqlara münasibət: tarix və varisliyin vəhdəti”, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin “Erməni film müharibəsi”, tarix üzrə fəlsəfə doktoru, dosent Şəlalə Bağırovanın “XX əsrin əvvəllərində Bakıda gürcü icmasının fəaliyyəti”, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Kərimovun “TANAP layihəsi ətrafında aparılan danışıqlar və Gürcüstanın maraqları”, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zümrüd Məlikovanın “Türkiyə Cümhuriyyətinin xarici siyasətinin nəzəri əsasları”, Korkmaz Kürşatın “Regional təhlükəsizlik kompleks nəzəriyyəsi kontekstində Türkiyə, Azərbaycan və Pakistan arasında birgə təhlükəsizlik paktina ehtiyac”, tarix elmləri doktoru Eynulla Mədətlinin “Azərbaycan İranin Qafqaz siyasətində (1918-1920)” və digər məqalələr yer alıb.
“Qafqazşünaslıq” elmi-nəzəri jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyasi və tarix elmləri sahələri üzrə siyahıya daxildir. Həmçinin jurnal SAJI (Scholar Article Journal Index) və “CiteFactor” beynəlxalq indekslərinə daxildir. Jurnal siyasi elmlər, beynəlxalq münasibətlər və tarix elmləri üzrə Beynəlxalq Standart Seriya Nömrələri (ISSN və e-ISSN) alıb.
Jurnalın baş redaktoru Qafqazşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, məsul katibi Qafqaz tarixi və siyasəti (XX-XXI əsrlər) şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Günel Musayevadır. Jurnalın redaksiya heyətinə Azərbaycanla yanaşı ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Qazaxıstandan görkəmli alimlər daxildirlər.