“Qanımız bir, canımız bir” devizi ilə növbəti könüllü qanvermə aksiyası keçirilib
Bakı, 19 yanvar, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində “Qanımız bir, canımız bir” devizi ilə növbəti könüllü qanvermə aksiyası keçirilib.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, 20 Yanvar hadisələrinin 34-cü ildönümünə həsr olunmuş aksiya ölkəmizin ərazi bütövlüyünün və sərhədlərimizin toxunulmazlığının keşiyində dayanan, Vətənin müdafiəsində dayanan hərbçilərimizin sağlamlığının qorunmasına kömək məqsədi daşıyıb.
Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının səyyar qan tədarükü bölməsinin həkim briqadası tərəfindən icra edilən aksiyada Dövlət Komitəsinin əməkdaşları könüllü donor kimi qan veriblər. Tədarük olunan qan nümunələri laboratoriya şəraitində yoxlandıqdan sonra xəstələrin müalicəsində istifadə ediləcək.
Aksiya iştirakçıları ölkəmizin ərazi bütövlüyünün tam bərpasında müstəsna xidmətləri olan hərbçilərimizin sağlamlığının qorunması üçün qan verməyin xeyirxah iş olduğunu bildiriblər. Onlar belə aksiyalarda iştirakın vətəndaşlıq borcu olduğunu qeyd ediblər.
Dövlət Komitəsinin və tabeliyindəki strukturların əksəriyyəti məcburi köçkünlərdən, şəhid ailələrinin üzvlərindən, müharibə əlili və veteranlarından ibarət kollektivlərinin 100-ə yaxın əməkdaşı xeyriyyə aksiyasında iştirak edib.
Xatırladaq ki, Dövlət Komitəsində Müdafiə Nazirliyi ilə birlikdə “Qanımız bir, canımız bir” devizi ilə təşkil etdiyi ənənəvi könüllü qanvermə aksiyası dörd ildir keçirilir.