“Qarabağ Azərbaycandır!” intellektual müsabiqəsinin rayon mərhələsi yekunlaşıb
Bakı, 23 dekabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Qarabağ Azərbaycandır!” intellektual müsabiqəsinin paytaxtın inzibati rayonları üzrə II mərhələsi başa çatıb.
Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, məktəbdaxili mərhələdə ən yüksək nəticə əldə etmiş 294 şagird II mərhələdə qalibiyyət uğrunda mübarizə aparıb. Hər inzibati rayon üzrə ilk 3 yerin sahibi olan 36 şagird müsabiqənin final mərhələsində iştirak etmək hüququ qazanıb.
Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, müsabiqə hazırlanmış müvafiq proqram təminatı vasitəsilə onlayn qaydada keçirilib. Müsabiqədə BŞTİ-nin tabeliyində olan ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri iştirak ediblər.
Müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Vətən müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini cəlb etmək, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdir.
Onlayn müsabiqənin əsas mövzuları I Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri, II Qarabağ müharibəsi, işğaldan azad olunmuş bölgələrin tarixi, mədəniyyəti, coğrafiyası, tarixi abidələri, şəxsiyyətləri və Azərbaycanla bağlı ümumi dünyagörüşüdür.
Müsabiqənin final mərhələsində Təşkilat Komitəsi tərəfindən ümumilikdə qalib kimi 9 şagird (2 nəfər I yer, 2 nəfər II yer, 2 nəfər III yer, 3 nəfər həvəsləndirici yer) müəyyənləşdiriləcək.
Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.