Qarabağ gəncləri üçün debat, natiqlik təlimləri, debat simulasiyaları keçirilib
Bakı, 23 aprel, AZƏRTAC
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) tərəfindən Qarabağ gəncləri üçün ilk dəfə keçirilən və yüksək marağa səbəb olan “De-Qayıdış” debat müsabiqəsi davam edir.
İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Qarabağa qayıdış prosesinin həyata keçirilməsində əsas rolu dövlət, yoxsa cəmiyyət oynayır?” mövzusunda müsabiqə çərçivəsində Qarabağ gəncləri üçün 4 günlük debat və natiqlik təlimlərindən sonra mövzu görüşləri, həmçinin təcrübəli debatçıların iştirakı ilə onlayn şou-debat keçirilib.
Müsabiqənin növbəti mərhələsində işğaldan azad edilmiş rayonlardan seçilən Qarabağ gəncləri 20 komanda olmaqla, debatlara hazırlıq məqsədilə praktiki görüşlərdə, sonra isə onlayn debat turnirində iştirak edəcəklər.
Qeyd edək ki, müsabiqənin məqsədi Prezident İlham Əliyevin “Böyük Qayıdış başlayır” ifadəsinin gənclər tərəfindən dəstəklənməsi, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, gənclərin yerli və beynəlxalq platformalarda təmsil olunması üçün Qarabağ gəncləri arasında natiqlik mədəniyyətini inkişaf etdirmək, onların qərarvermə proseslərində, ictimai aktuallıq kəsb edən məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakını təmin etməkdir.
Müsabiqənin tərəfdaşları Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycan İcması və “Böyük Qayıdış” gənclər təşkilatıdır.