Qaradağ rayonunda müəllimlərə dərsləri səmərəli keçməyin yolları öyrədilib
Bakı, 4 mart, AZƏRTAC
“TOPs - fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” proqramının 6-cı mövsümü çərçivəsində növbəti təlimlər fevralın 27-dən 29-dək Bakının Qaradağ rayonunda keçirilib. Proqram “British Council” Azərbaycan, Təhsil Nazirliyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, proqramın məqsədi fiziki tərbiyə müəllimlərinin nəzəri bilikləri və praktiki peşə bacarıqlarını “TOPs” metodikası vasitəsilə zənginləşdirməklə daha maraqlı və rəngarəng tədris prosesi təşkil etməkdir. Bunun nəticəsi olaraq, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin hərəki bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına və onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına nail olmaqdan ibarətdir.
Təlimlərə Qaradağ rayonu üzrə 106, 139, 166, 180 ,195, 222 və 253 nömrəli orta məktəblərindən 28 fiziki tərbiyə müəllimi cəlb olunub. Təlimlər boyunca müəllimlərə fiziki tərbiyə dərslərinin daha səmərəli və əyləncəli keçməyin yolları, şagirdləri dərslərə həvəsləndirmək üçün tədris metodları öyrədilib. Təlimlər “TOPs” proqramının təlimçiləri Asəf Mehdiyev və Hüseyn Hüseynov tərəfindən keçilib.
Təlimlər zamanı müəllimlərə “TOPs” metodologiyası əyani formada göstərilib, proqramın əhatə etdiyi təlim formatları yerində tətbiq olunub.
“TOPs” proqramının təlimçisi Asəf Mehdiyev bildirib ki, Qaradağ rayonunun müəllimləri yeni metodologiyanı asanlıqla mənimsəyiblər. O qeyd edib ki, təlimlər boyunca müəllimlərə əyani formada dərslərin təşkilində yeni metodologiyanın tətbiqi yolları görsədilib. Müəllimlər də bizimlə birgə təlimlərdə aktiv iştirak edib, öz dərs metodologiyalarına bu yenilikləri tezliklə əlavə edəcəklərini bildiriblər.
Təlimlərdə müəllimlərə Milli Fiziki Tərbiyə Kurikulumuna uyğun hazırlanan və gündəlik tədris planlaşdırmasını əvəz edəcək metodiki tədris kartları da təqdim olunub.
“TOPs” təlimlərində iştirak edən müəllimlər yeni metodologiyanı dərslərində tətbiq etdikdən sonra açıq dərslər və dərsdənkənar müxtəlif idman festivalları təşkil edəcəklər. Burada məqsəd şagirdlərin həm fiziki, həm də liderlik bacarıqlarının inkişaf etdirilməsidir.
2019-2020 tədris ilində “TOPs” proqramına bundan əlavə Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı, Şabran, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonları üzrə məktəblər cəlb olunub.
Qeyd edək ki, Azərbaycanda proqramın tətbiqinə pilot layihə kimi 2014-cü ildən başlanılıb.